Zəngəzurun hava qapısı olacaq Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, təkcə Şərqi Zəngəzurun mühüm infrastruktur layihəsi kimi regionun gələcək sosial-iqtisadi inkişafı baxımdan deyil, eyni zamanda ölkəmizin logistika mərkəzinə çevrilməsi istiqamətində reallaşdırılan böyük əhəmiyyətə malik bir layihədir.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib. Onun sözlərinə görə, təməli 2021-ci ilin aprelin təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı 1,5 ilə tikilib. “Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olan hava limanı saatda 200 sərnişinə xidmət göstərmək gücünə malikdir. İri yük təyyarələri də daxil olmaqla, bütün geniş gövdəli təyyarələr Zəngilan hava limanında asanlıqla enib qalxa biləcək. Hava limanının platforması 8 təyyarəni qəbul etmək üçün nəzərdə tutulub. Hava limanı həmçinin uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək. Hava limanının beynəlxalq statusa malik olması Şərqi Zəngəzurun Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizində ciddi logistik bir mərkəzə çevrilməsi ilə yanaşı, əhalinin də sosial-iqtisadi vəziyyətinin, gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradacaq”-o qeyd edib.
O əlavə edib ki, hava limanının fəaliyyət göstərməsi Şərqi Zəngəzurun, Qarabağ bölgəsində, bütövlükdə ölkədə turizmin, iqtisadiyyatın, tranzit yükdaşımaların, nəqliyat-kommunikasiya infrastrukturunun və digər sahələrin inkişafına öz töhfəsini verəcək. “Çünki yeni hava limanı müasir beynəlxalq standarta uyğun hazırlanıb. Hava limanında quraşdrılmış yeni avtomatlaşdırılmış Phoenix sisteminin tətbiqi uçuşların təhlükəsizliyinin təmin edilməsinə imkan yaradacaq. Zəngilan hava limanı Şərq-Qərb beynəlxalq hava dəhlizinə inteqrasiya olunmaqla bölgənin inkişaf etmiş bir mərkəzə çevrilməsinə öz töhfəsini verəcək. Bu da nəticə etibarı ilə Azərbaycanın logistik qovşağa çevrilib bölgədə və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına xidmət edəcək”- o vurğulayıb.