ZƏNGİLANI YAŞADA- YAŞADA YAŞADI...

...Zaman öz axarında olsa da intizarlılara elə gəlir ki, illər tez ötüşür.

 O intizar el-oba intizarıdırsa, Vətənə ad olan intizardırsa, daha insafsız olur. Bu intizarı dünyanın gözləri önündə yüz minlərlə azərbaycanlı yaşadı. Dünyanın bu biçim biganəliyi insafın tükənməsi idimi, gözəgötürməzlik idimi, dünyanın “öz əli ilə öz ocağını söndürmək” qərəzi idimi, hər nə idisə, görənlər görürdü ki, “dünyanın arşını əyilib”; “arşını əyilmiş dünyada” səyyar xəyalım (S.Vurğun) ömrümün neçə ilini ayrı qalsam da ayrı düşmədiyim Zəngilanımızdan iraq olmadı. Zəngilanımızı da, tanıdıqlarımı da düşüncələrimdə yaşada-yaşada bu günümüzdəyəm...yüz

Süleyman Əsəd oğlu Məmmədov vardı. 1934-cü il iyunun 30-da Zəngilanın Şərikan kəndində anadan olmuşdu. Böyük Vətən müharibəsi bu ailəni də sıxıntılara salmışdı: Əsəd kişi rəhmətə getmişdi, ailə Əsədin qardaşı Xanməmmədin himayəsində yaşayırdı, bir ildən sonra o da rəhmətə getdi. Süleymanın qardaşı Həsəni də müharibəyə səfərbər etdilər. Az sonra bacısı Gövhəri də orduya çağırdılar. 8 yaşlı Süleyman da kolxozda işləyirdi. Böyük Vətən müharibəsində döyüşlərdən uzaqda qalanların – arxa cəbhədə işləyənlər güzəranı bircə kəlmə ilə ifadə edilirdi, ağır illər idi. Ağır illər balaca Süleymanın da çiyinlərində idi... 

Həsən müharibədən qayıtdı. Ailənin ümidi kimi qayıtdı, sabahlara inam kimi qayıtdı, hamısının yaşam niyyəti, ömür murazı kimi qayıtdı. Neçə on illərdən sonra söz düşəndə Süleyman Əsəd oğlu qardaşının qayıtdığı günü xatırlayanda demişdir: Neçə ilin sıxıntıları göz yaşına dönübmüş. Anamdan, bacımdan, camaatdan utanırdım deyə ağlamırdım. Onda göz yaşım qardaşımın şinelini islatdı...

Həsən müəllim ailənin böyük oğlu idi, ata əvəzi oldu - iki ailənin mənəvi atası idi, məsləhətləri də, nəzarəti də, diqqəti də hər iki ailənin ümid işığı idi, bu işıq sabahlara ad olan işığa dönmüşdü. İllər sonra el-oba da gördü ki, bu işıqda həm yaşatma qüdrəti olub, həm də ata ruhuna qədərsiz ehtiram: “Sizin yoxluğunuz balalarınızın güzəranını qaralda bilmədi, ata...”...

Uşaqlar böyüdülər, təhsil aldılar. Eldə-obada sayılıb-seçildilər. Özlərinə “bərəkallah” deyildi, böyüklərinə rəhmət oxundu...

  Süleyman Canbar kənd 7 illik  məktəbində oxudu, təhsilini Şayıflı kənd məktəbində  davam etdirdi, 1952-cı ildə  Pirçivan kənd orta məktəbini bitirdi. Təhsil almaq istəyirdi. Harda? – bu haqda düşünməmişdi. Tale onu Bakı hidromeliorasiya texnikumuna gətirdi. İmtahanaları verdi, qəbul olundu. Xatırlayırdı ki, onda bir qədər kövrəlib, atasını xatırlayıb, “Mən də təhsil alacam, ata...” – pıçıldayıb...

1954-cü ildə texnikumu mexanik hidromeliorator ixtisası  üzrə bitirib. Təyinatını  Səhiyyə Nazirliyinə veriblər. Nazirlik Süleyman Əsəd oğlunu Zəngilan rayon səhiyyə  şöbəsinə göndərib. Sevinirmişmi? – sevinirmiş, təkcə el-obasına qayıtdığına görə deyil, həm də çətin vaxtlarda ailəyə kömək edəcəyinə görə sevinib. Həm də sevinib ki, camaat “Əsədin oğulu el-obanın işinə yarayır” təsəllisini də eşidəcəkdi...

1954-cü il sentyabrın 1-də Akarada mexanik- meliorotor vəzifəsinə  təyinedilib. İşləyib. O illər hər işin pambıq yığımı ilə müəyyənləşdirildiyi illər idi. 1954-cü il noyabrın 15-də pambıq yığımında Zəngilan rayon partiya komitəsinin ikinci katibi Nəriman Ağayev təsərrüfatlarda olanda Akarada Süleymandan indiyə kimi nə qədər pambıq topladığını soruşub, 500 kiloqram rəqəmi katibin xoşuna gəlməyib, hərbi komissara göstəriş verib ki, Süleyman hərbi xidmətə göndərilsin.

Süleyman noyabrın 16-da axşam qatarı ilə Biləcəriyə göndərilir, ordan da əsgərliyə.

1954-cü ilin noyabrından 1955-ci ilin sentyabrına kimi aviasiya hərbi hissəsində qırıcı təyyarələrə xidmət üzrə kurs bitirib. Sonra Leninqrad (indi Sankt-pterburq) ətrafına-Vişne Voloçok şəhərinə göndərilib. Səhhətində yaranan problemə görə 1956-cı il martın 16-da  Silahlı Qüvvələrdən tərxis edilib.

Hərbi xidmətdən tərxis edilənlər işlə təmin olunurdu. Zəngilanda Süleymana münasib iş verilmir (işmi olmayıb, verməyiblərmi, bu sual keçmişdə qaldı...). 1956-cı il iyulun 27-də Ermənistanın Qafan rayonunun Qacaran Mis-Molibden Kombinatında fəhlə (dəmirçi) kimi işə qəbul edilib. 1959-cu iliin yanvarına kimi həmin müəssisədə istilik, su və kanalizasiya sistemi uzrə çilingər, usta, briqadir işləyib. İş – çətin, iş mühiti – çətin, əhatə - sıxıntılı. Səbrlə dözüb, bilib ki, nəyəsə etiraz eləsə, şərləyərlər, belə şərləmələrdən qurtuluş möcüzə olardı...

Çətinliklərə baxmayaraq işində fərqlənib. 1959-cu ilin yanvarından Qacaran qəsəbə sovetində  Mənzil İstismar hissəsində (Oxçuda) usta vəzifəsinə göndərilib. 1958-ci ildə Oxçuda  rus dilində orta məktəbi bitirib. İrəvan Politexnik İnstitutuna imtahana  göndərilənlərin sırasında Süleyman da olub. İmtahanları uğurla versə də azərbaycanlılığı onun tələbə adı almasına mane olub, azərbaycanlı olduğuna görə qəbul etməyiblər. Sözarası deyiblər ki, oxumaq istəyirsənsə, get öz Vətənində oxu, yəni Azərbaycanda. “Ermənistan üçün işləyirəm, niyə burda oxuya bilməyim?” soruşmaq istəyib, hansı duyumun təsiriyləsə, soruşmayıb...

1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunub, çay qurğuları və su elektrik stansiyaları  hidrotexniki inşaatı üzrə. Qiyabi oxuyub. 1964--cü il mayın ın 1-dən  1965-ci il sentyabrın 30-dək Qacaran Tikinti Trestinin 1 nömrəli tikinti sahəsində   tikinti ustası vəzifəsində çalışıb. Ermənilik o illərdə də “duru suyu bulandırırdı”.

1965-ci il avqustun 5-də  Qafan şəhər stadionunda Bakının “Dinamo” komandası ilə Qafanın “Lernoqorts” komandası arasında “B” qrupu üzrə SSRİ birinciliyi uğrunda görüş keçirilirdi. Birinci hissədə Azərbaycan futbolçulari rəqib qapısından 3 cavabsız qol vurduğuna görə ermənilər “Dinamo”nun futbolçularına hücum edib onlara xəsarət yetirmişdilər. Fasilədən sonra Azərbayan futbolçularına edilən təzyiq nəticəsində ermənilərin Bakının ‘Dinamo’ komandasının qapısından 4 cavabsız qol vurmasına şərait yaradılmışdı. Azərbaycanlı tamaşaçıların əksəriyyəti Ermənistanın Qafan rayonundan, Zəngilan və Qubadlıdan idi.Nəticədə, azərbaycanlılarla ermənilər arasında dava düşür. Neçə azərbaycanlı günahsız yerə həbs edilir. Həmin dövrdə Zəngilan rayon partiya komitəsinin birinci katibi Vahid İsmayılovun, Zəngilan rayon Zəhmətkeş Deputatlari Soveti İcraiyyə Komitəsininnin sədri Nəzir Kərimovun ( Vahid İsmayılovdan sonra uzun müddət birinci katib olub), DTK Zəngilan rayon şöbəsinin rəisi peşəkar  “çekist” kimi nəsillərə nümunə olan Bəxtiyar Süleymanovun ciddi səyləri nəticəsində, başlıca olaraq həmin dövrdə Azərbaycan Respublikası  DTK-nin birinci müavini olan Heydər Əliyevin  işə qarışması ilə Azərbaycan KP MK-nın qərarı ilə MK-nın inzibati orqanlar şöbəsinin müdiri Rəşid Məcidovun başçılığı ilə Azərbaycan KP MK-nın məsələni araşdıran Xüsusu komissiyası yaradılıb, məsələ araşdırılıb. Komissiya üzvlərinin Qafan şəhər partiya komitəsinin birinci katibi Minosyanın kabinetində keçirilən geniş müşavirəsinin sonunda təklif edilib ki, məsələyə siyasi qiymət verilməsin. Qərara alınıb ki, bu iğtişaşı araqarışdıranların törətdiyi bildirilsin. Mərkəzin göstərişi ilə kütləvi iğtişaşları törədənlərin axtarılmasına başlanılıb. Bu işdə sapı özümüzdən olan baltaların – Azərbaycan Dəmir Yolu Nəqliyyatında milis şöbəsinin çinayət-axtarış və istintaq bölmələrinin əməkdaşları  ermənilərin təkliflərinə razılaşıblar. Bütün günahlar  Azərbaycanlıların üzərinə yıxılıb, bir neçə zəngilanlı həbs edilib. O ağrıları Süleyman da görüb, Süleyman da yaşayıb...

 Baş verən bu hadisədən sonra Qafan rayonunda yaşayan yüzlərlə azərbaycanlı ailəsi 1965-ci ilin ikinci yarısı və 1966-cı ilin sonunadək  BakınınNovxanı, Mehdiabad və Saray kəndlərinə köçüb. Bu, sonrakı deportasiyaların başlanğııcı olub...

Azərbaycan  Dəmir Yolu İdarəsinin tələbi ilə Süleyman Məmmədov Bakı Dəmir Yolu Tikinti Quraşdırma İdarəsinə göndərilib. 1965-ci il sentyabrın 30-da376 nömrəli Tikinti Quraşdırma Qatarında iş işicraçısı vəzifəsinə təyin edilib. Azərbaycan Dəmir Yoluna tabe olan  Qafan dəmir yol stansiyasında  beşmərtəbəli bina tikilməli idi. Dayanacağın yaşayış binası tərəfində sürüşmənin  qarşısınınalınması üçün divar çəkiləcəkdi. İş icraçısı kimi dayanacağı tikib qurtardıqdan sonra beşmərtəbəli binanın tikintisi ona həvalə edilmişdi. Binanı tamamlama ərəfəsində dördüncü mərtəbədən çiyninə taxta düşüb,  Azərbaycan Dəmir Yolu xəstəxanasında səkkiz ay müalicə olunub, Sonra Əlibayramlı  Buz zavodunun tikintisinə göndərilib...

  1972--ci il iyulun 17-dən 1993--cü ilin oktyabrınadək mülku qurğular üzrə İmişli distansiya hissəsində müvəqqəti rəis, Əlibayramlı buz zavodunda, Muğan meliorasiya sutikinti trestinin 10 saylı tikinti quraşdırma idarəsində, Azərbaycan Dəmir Yolu 6 nömrəli Tunel Körpü Dəstəsində, 13 nömrəli Körpü Tikinti Qatarında, 783 və 781 nömrəli Tikinti Quraşdırma  Qatarında iş icraçısı vəzifəsində işləyib.

Mincivan qəsəbəsində 225 çarpayılıq dəmir yolu xəstəxanasının tikintisi ilə əlaqədar Mincıvan qəsəbəsinə göndərilib.

İki beşmərtəbəli  yaşayış binası, Səngəçalda yoldəyişdirən, Biləcəridə beş beşmərtəbəli, Bakıda bir doqquzmərtəbəli yaşayış binasının, Ağdamda sərnişin vağzalının, Göyçayda avtomatik yoldəyişdiricinin, Xudatda əlli yerlik avtodayanacğın, Qazıməmməddə üç iki mərtəbəli yaşayış binasının,  bir məktəbin, bir uşaq bağçasının, Pirsaatda nasoslu binanın, Nəvaidə bir ikimərtəbəli yaşayış binasının, Qaradağda elektrik dayanacağının, Əlibayramlıda qatar dayanacağının, Buz zavodunun, yaşayış binasının, Salyanda dəmir yolunun, Neftçalada iki dəmir yolu və növbətçi binanın, Lənkəranda sement zavodunun tikintisində iştirak edib.

1982-ci ildə idarələri Ordubada köçürülüb. Mincivandan Qafana gedən yolda dağ uçqununun qarşısını almaq üçün  tunel tikintisi başa çatdıqdan sonra Qaragöl kəndi ilə Genlik kəndi arasında körpünün, Seyidlər kəndinə getmək üçün Şərikanın qarşısında Oxçu çayı üzərində ikigözlü körpünün  tikintisi ona həvalə edilib. Bu işləri başa çatdırdıqdan sonra  Mincivan qəsəbəsində  dəmir-beton zavodunun və qəsəbədə  ikimərtəbəli səkkiz mənzillli binaların da tikintisini uğurla başa çatdıranların sırasında olub.

1992-ci ilin dekabrın 10-da sübh tezdən erməni hərbçilər müxtəlif istiqamətlərdən Zəngilanın Qazançı, Dərəli, Ağkənd, Yuxarı Gəyəli, Seyidlər,Şərikan, Bürünlü, Günqışlaq, Pirveyis, Canbar,Aşağı  Gəyəli və Şayıflı kəndlərinə hücum etdilər,onlarla günahsız insanı vəhşicəsinə öldürdülər. Həmin gün Süleyman işdə olub. Oğlu Saleh hərbi hissədə döyüş tapşırığını yerinə yetirirmiş. Evdə  köməksiz qalan  ömür-gün yoldaşı Teyfə xanım kənddən çıxanda yolda düşmənlərlə qarşılaşıb. Düşmən ciddi müqavimət göstərən Teyfə xanımı işgəncə ilə qətlə yetirib.

Bu dəhşətli faciəni eşidən Süleyman da elə həmin gün əlinə silah alıb döyüşçülərə qoşulub. Bürünlü kəndində dəmiryol körpüsünün altında düşmənlərin qəfil hücumunda ağır yaralanıb, bir ildən artıq müxtəlif xəstəxanalarda müalicə olunsa da sağlamlığı tam bərpa olunmadı…

Müharıbə və əmək veteran Süleyman Əsəd oğlu həm də incə düşüncəyə malik azərbaycanlı idi. Sözə, ədəbiyyata böyük ehtiramı vardı. Ömrün illərini böyük həvəslə (və kövrəkliklə) yazmağı özünün Zəngilana, zəngilanlılara xidməti bilirdi.“Mənim qardaşım Həsən. Əsl xalq müəllimi”,  “Şərikanlı Şərikansız günlərim” xatirə kitabları belə yazıldı, belə nəşr edildi...

Zəngilandan nisgilli getdi Hacı Süleyman Əsəd oğlu, Zəngilanın işğaldan azad edildiyini görə bilmədi. 2018-ci il sentyabrın 5-də köçdü dünyadan...

Kaş bu yazı Süleymansız Süleymanlı günlər əvəzi oxunaydı...

Süleyman Zəngilanı yaşada-yaşada yaşadı...

 Bayram MƏMMƏDOV,

Əməkdar müəllim