Zərurətdən doğan seçki

Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar verdi. Partiyanın İdarə Heyəti bu seçkilərə Azərbaycan Prezidenti, YAP sədri cənab İlham Əliyevin növbəti dəfə namizədliyini irəli sürdü. Əminliklə söyləmək olar ki, 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə Azərbaycanın ictimai-siyasi həyatında çox böyük əhəmiyyətə malik olacaq.

Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında duran bir nömrəli vəzifə - ərazi bütövlüyü təmin edilib. Cənab Prezident Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir və suveren bir dövlət qurdu. Əldə etdiyimiz zəfərin davamı fevralın 7-də keçiriləcək seçkilərin nəticəsində də öz əksini tapacaq. Xalqımız 2020-ci il 27 sentyabrda Qarabağ uğurunda müharibəyə başlayanda, 8 noyabrda Şuşa azad ediləndə, yaxud 20 sentyabr 2022-ci ildə Xankəndiyə üçrəngli bayrağımız sancılanda necə həmrəy olmuşdusa, sevinirdisə, 7 fevral prezident seçkilərində də həmin həmrəylik ortaya qoyulacaq və seçkinin nəticəsi xalqın iradəsinin təntənəsi kimi qəbul ediləcəkdir.

Azərbaycan xalqı 30 il ərzində Prezidentliyə namizəd olan şəxslərdən nə tələb edirdi? Nə gözləyirdi? Qarabağın azadlığını! Bir kəndin, bir rayonun alınması belə kifayət idi ki, xalqın ürəyinə yol tapasan, Torpaq, Vətən yanğısının üzərinə su səpəsən. Ali Baş Komandanımız xalqımızla birləşərək işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad etdi. Yüz illərdir ki, daim əzilən, məğlubiyyət uğrayan xalqımız ilk dəfə olaraq cənab İlham Əliyevin rəhbərliyi altında tarixi, böyük qələbəyə nail oldu. Biz məhz Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyevin qətiyyəti ilə 3 il ərzində düşməni 2 dəfə kapituliyasiyaya məcbur etdik. Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində belə bir sərkərdəyə səs verməyi özünə mənəvi borc hesab edir. Uzun illərdir ki, “Qarabağ Azərbaycandır!” şüarını əlində bayraq edən xalqımız bu şüarı reallığa çevirən ölkə rəhbərinin hər zaman yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Bu gün Azərbaycanın gündəmində müharibə mövzusu yoxdur. Biz sülh və əməkdaşlıq, inkişaf məsələləri ilə məşğul oluruq. Xalqımızın Azərbaycan Prezidentinə verdiyi mandat mahiyyəti etibarı ilə dəyişib. İndi əsas vəzifələrdən biri azad edilən torpaqlarımızın bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsidir. Yeni reallıqlar növbədənkənar prezident seçkilərinin keçirilməsini diqtə edir. Hər bir Azərbaycan vətəndaşı, dünya ictimaiyyəti növbədənkənar prezident seçkilərinin təyin olunmasının hansı zərurətdən irəli gəldiyini aydın şəkildə qəbul edir. Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi 2020-ci ilin möhtəşəm Qələbəsindən irəli gələn xalqının dərin hörmət, etibar və etimadının, eyni zamanda tələbinin təzahürüdür. Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq dünya azərbaycanlılarının arzusudur, tələbdir. Əminliklə qeyd etmək olar ki, növbəti 7 il ərzində Azərbaycan regionun və dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə birgə addımlayacaq, sağlam rəqabət aparacaq.

İltizam Yusifov

Milli Məclisin deputatı