Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.
Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
“Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Ermənistan hakimiyyəti ordunu bərpa etmək istiqamətində iş aparırdı, Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu”, - deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Ümumilikdə baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq.
Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir.
Komitə sədri əlavə edib ki, Ermənistanın növbəti avantürası regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addımın onun özü üçün yeni faciələrə yol açdığını bir daha göstərdi. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Ölkəmiz həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
“Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin 2020-ci ilin iyulundakı şücaətini təkrarlayaraq, Azərbaycan Ordusunun nəyə qadir olduğunu hamıya bir daha nümayiş etdirdilər. Azərbaycan əsgəri Vətəninə qarşı istənilən addımın və təxribatın qarşısını almaq qüdrətində olduğunu bir daha nümayiş etdirdi”, - deyə Z.Əsgərov fikirlərini yekunlaşdırıb.