Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi özünün “Vətənin Qəhrəman Oğulları” adlı layihəsini gerçəkləşdirir. Bu məqsədlə Ziyalı Ocağı İB-nin dəvəti ilə ölkəmizdə olan qonaqlar və birliyin üzvləri may ayının 29-da Bakı şəhərində yerləşən Fəxri Xiyabanı və Şəhidlər Xiyabanı ziyarət etdilər. İlk öncə ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu, ruhuna dualar oxundu. Ümummilli liderin ruhuna hörmət və ehtiram bildirildi. Özbəkistanlı qonaqlar adından çıxış edən İbodat Xodjayeva vurğuladı ki, “Bizim ölkəmizdə bu böyük siyasətçiyə dərin hörmət və rəğbət vardır. Onun keçdiyi ömür yolu gələcək nəsillər üçün məktəbdir.”
Azərbayan Respublikasının müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən Şəhidlərin uyuduğu müqəddəs məkan –Şəhidlər Xiyabanı qonaqların ürək ağrısı ilə ziyarət etdiyi məkanlardan biri idi. Qonaqlara bu müqəddəs məkanda uyuyan Şəhidlərin həyatları və amalları haqqında müfəssəl məlumatlar verildi. İsveçli qonaq Maimati Qumtur bildirdi ki, “hər bir insan doğulduğu, qidalandığı torpağa öz ehtiramını göstərməlidir”.
İsveçli digər qonaq Sulidan Muavver söylədi ki, –“mən bura gəlməzdən öncə bu müqəddəs məkan haqqında oxumuşdum. Oxumaqla, eşitməklə görmək arasında fərq çox böyükdür”.
Qonaqlar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin çağırışına cavab olaraq ölkəmizə gələn və daşnak-bolşeviklərə qarşı savaşan, xalqımızı qanlı qətliamlardan qurtaran, özləri isə birlik, qardaşlıq yolunda canından keçən Türk Şəhidliyində də oldular. Buradan uyuyan Şəhidlərin ruhuna fatihələr verildi, dualar oxundu. Türkiyəli qonaqlar adından öz ürək sözlərini söyləyən Yaşar Aydın bildirdi ki, “bizim bura gəldiyimizi eşidən yaxın dostlarımızdan biri burada uyuyan dədəsinin məzarını ziyarət etməyimizi xahiş etdi”.
Müqəddəs məkanları ziyarət edən qonaqlar şəhərimizin tarixi və görməli məkanlarında oldular və xatirə şəkilləri çəkdirildi.