Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin tərəfdarıdır

COVID-19 – yeni növ koronavirusun üzə çıxdığı ilk vaxtlardan Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri olub. Bu günə qədər Azərbaycan pandemiya istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, həmçinin dünyanın bütün təşkilatlarını, aparıcı dövlətlərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir.

Azərbaycanın pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə aparması ona beynəlxalq miqyasda da böyük rəğbət qazandırıb. Azərbaycan beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımları edib. Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəyərləndirilib, digər ölkələrə nümunə göstərilib. Mayın 24-də ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezident İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışı Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirdiyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələr tərəfindən realizə edilib. Bu gün COVID-19 pandemiyasından əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problem getdikcə artmaqdadır. İnkişaf etmiş ölkələr dünya əhalisinin cəmi 14 faizini təşkil edir. Amma həmin ölkələr bu günə qədər dünyada ümumi vaksinlərin 80 faizdən çoxunu sifariş edib. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa şirkətlərinin istehsal etdiyi “Pfizer” vaksininin isə 96 faizini zəngin ölkələr sifariş edib. Belə olan halda məntiqi olaraq sual yaranır, bəs, kasıb ölkələrdə yaşayan insanlar nə etməlidirlər?

Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək tribunalardan haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq bu problemi həll etməyə çağırıb. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.

Noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində sözügedən qətnamə layihəsinin müzakirə olunduğunu və səsvermə ilə qəbul edildiyini vurğulayan deputat deyib: “171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə çıxmayıb. Maraqlı olan budur ki, sənədə münasibətdə bitərəf qalmış 7 ölkədən biri də Ermənistandır. Halbuki bu ölkə regionda ən az peyvəndləmə səviyyəsinə malikdir. Qətnamə dekabr ayında BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrlik dövrü bir çox beynəlxalq ekspertlərin “üçüncü dünya müharibəsi” adlandırdıqları COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf edir. Bu, əlbəttə, QH-nin sədri olaraq Azərbaycanın qarşısında çətin vəzifələr qoydu. Amma Prezident İlham Əliyevin atdığı çevik və unikal addımlar mübarizədə beynəlxalq səylərin birləşdirilməsini təmin edə bildi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti çıxışında pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın oynadığı mühüm rola diqqəti cəlb edib. Daha konkret desək, 2020-ci ilin may ayında QH-yə üzv dövlətlərin Təmas Qrupunun videoformatda keçirilən Bakı Zirvə toplantısında dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən təşəbbüslə - BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Bu təşəbbüsü BMT Baş Assambleyasının 2020-ci ilin dekabrın 3-də keçirilən xüsusi sessiyasında 150-dən artıq ölkə dəstəklədi.

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev artıq bəşəriyyətin probleminə çevrilmiş COVID-19 pandemiyası barədə ətraflı danışıb, koronavirusun bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. Bütün görülən işlərin nəticəsi olaraq 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan heç bir dövlətdən borc almadan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib”.

Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Azərbaycan artıq beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparır və bu gün də təşəbbüslər davam edir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışları çərçivəsində ölkəmiz COVID-19 infeksiyası ilə qlobal şəkildə mübarizənin aparılması üçün dünyanı səfərbərliyə çağırır, “vaksin millətçiliyi”nin yolverilməzliyi, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır.

2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün nəticəsi olaraq, QH-yə üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

“Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir. Bu mənada Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev bir sıra qlobal təşəbbüslərin müəllifidir. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edən Prezident Əliyev Azərbaycanın QH-yə sədrliyi dövrü üçün müfəssəl fəaliyyət planı qəbul etdiyi barədə məlumat verərkən bildirib: “Təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik. Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”.

Beləliklə, dünya bir daha şahid oldu ki, Azərbaycan ağır pandemiya dövründə real təşəbbüskar ölkələrin önündə gedir. Azərbaycanın ağır dövrdəki təşəbbüs və ideyaları təkcə milli çərçivədə böyük nəticələr ortaya qoymaqla məhdudlaşmır. Pandemiya başlayandan bəri Azərbaycan bu böhrana qarşı təşkilatda koordinasiyalı yanaşması ilə seçilib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib.

Beləliklə, Azərbaycanın pandemiyanın dəf edilməsi üçün irəli sürdüyü təşəbbüslər və göstərdiyi real fəaliyyət ölkəmizin bu məsələdə də lider olduğunu göstərir”, - deyə deputat bildirib.