Azərbaycan-Türkiyə birliyi siyasi arenaya yeni düzən gətirir

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Müharibənin ilk günlərindən cənab Rəcəb Tayyib Ərdoğan açıqlamalarında Azərbaycanın yalnız olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, bütün dünyaya bir mesaj idi. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Və 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması bunun əyani sübutudur.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir.

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı üçün işgüzar səfəri zamanı çıxışındaki “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.” sözləri bir daha sübut etdi ki, Azərbaycan - Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.

Aydan Qurbanova