Azərbaycanın tanınmış idmançısı vəfat edib

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı 2022-ci il yanvarın 10-da, ömrünün 85-ci ilində vəfat edib.

Bu barədə Sabahinfo.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib.1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqci-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatçısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.