Beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu

Azərbaycan xalqı 30 ilə yaxın bir zamandan sonra işğaldan azad olunmuş torpaqlarımızda erməni vəhşiliyinin izləri ilə daha yaxından tanış oldu. Ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri vandallıq ağıla sığmayan vəhşilikdir. Azərbaycanın tarixi-mədəni irsi, abidələri, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurub.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz kimliklərini nəinki Azərbaycan xalqına, eləcə də bütün dünyaya göstərdilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib".

Hələ birinci Qarabağ savaşında, daha dəqiq desək 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilib. 20 mindən artıq azərbaycanlı həlak olub, 4866 nəfər itkin və əsir düşüb, girov götürülüb. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdu.

Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına yüz milyardlarla ABŞ dolları ziyan dəymişdir.

İşğal vaxtı Şuşa rayonunun 39, Ağdam rayonunun 80, Kəlbəcər rayonunun 147, Xocalı rayonunun 52, Xocavənd rayonunun 83 ərazi vahidindən 10 azərbaycanlı kəndi, Laçın rayonunun 127, Qubadlı rayonunun 94, Zəngilan rayonunun 85, Cəbrayıl rayonunun 97, Füzuli rayonunun 54, Tərtər rayonunun 13-ü, Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir.

Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdir. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdır. Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.

İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi son 30 ildə erməni vandalları tərəfindən daha intensiv və daha vəhşicəsinə davam etdirilmişdir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınmışdır. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “dur!” demək istəməyiblər.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də diqqəti bu məsələyə yönəldərək beynəlxalq təşkilatlara bir mesaj ünvanlayıb. Ölkə rəhbəri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.

Aydın Hüseynov,

Milli Məclisin deputatı