“Problemli kreditlərlə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub” - RƏSMİ

"Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub”.


BunuModern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev bildirib.


Palata rəsmisi deyib ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub:

"13 may 2019-cu il tarixinə qadər artıq 506 min vətəndaşa ödənişlər təmin edilib ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir. Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib və 263 min nəfərə isə nağd və ya plastik kart formada təqdim olunub”.

E.Allahverdiyevin sözlərinə görə, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilib:

"Bundan sonra vətəndaşlar Apellyasiya Komissiyasına müraciəti bunun üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır”.