Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə İlaxır Çərşənbə münasibətilə bayram konserti təşkil olunub.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri, ali məktəb rektorları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər, mədəniyyət xadimləri, gənclər və tələbələr iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirtəsi yad edilib, Dövlət Himni səsləndirilib, sonra isə Novruz Bayramı mövzusunda filmə baxış keçirildi.Tədbir iştirakçılarını salamlayan Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə Azərbaycan xalqının zəngin mədəni ənənələrindən söhbət açdı. Novruz bayramının xalqımızın birlik və həmrəyliyini ifadə edən ən qədim və sevilən bayramlardan biri olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə bildirdi ki, Novruz bayramı xalqımız üçün böyük məna daşıyır. Belə ki, biz bu əziz bayramı həm də azad edilmiş Qarabağ torpaqlarında qeyd edirik. Bu, tariximizin ən qürurlu səhifələrindən biridir. Cənab Prezidentin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində azad olunmuş torpaqlarımıza həyat yenidən qayıdır.
Bayram konsertində incəsənət ustaları və Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifasında milli musiqi nümunələri səsləndirilib, xalq mahnıları və instrumental ifalar təqdim olunub. İştirakçılar üçün hazırlanmış bədii proqram Novruz ənənələrinin ruhunu əks etdirən rəngarəng çıxışlarla yadda qalıb.Konsert proqramında milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin təbliği xüsusi yer tutub.
Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyasının həyətində bayram tonqalı qalanıb. Tonqal ətrafında davam edən şənliklər, səslənən musiqilər və bədii proqramın sədaları tədbirə xüsusi bayram ab-havası qataraq tədbirin yadda qalan anları ilə tamamlanıb.