Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası Azərbaycanın prioritetidir

“Məlum olduğu kimi, Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirildi. Prezident İlham Əliyevin sessiyada çıxış etməsi, Azərbaycan hökumətinin şəhərsalma planları barədə məlumat verməsi, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərndən bəhs etməsi bir daha dünya ictimaiyyətinin diqqətinin ölkəmizə yönəldilməsinə səbəb oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 1976-cı ildən keçirilən BMT-nin Yaşayış Məskənləri Proqramı donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir: “2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib. Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır və ilk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır”.

“Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, proqramda iştirakla Azərbaycan 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlər üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərini istiqamətləndirir: “Prezident İlham Əliyev həmin sessiyada çıxışı zamanı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində həyata keçirilən bütün işlər bir daha isbatlayır ki, Yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. 30 il ərzində total dağıntılara məruz qalmış Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra həmin yerlərdə reallaşdırılan işlər ölkəmizin maliyyə resursları hesabına aparılır və əsas hədəf yeni salınan şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraitinin vəhdət təşkil etməsidir. Ümumilikdə isə Azərbaycan hökumətinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır”.