Heç kəsə sirr deyil ki, hər bir sahədə olduğu kimi, Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, ekologiya siyasətinin hərtərəfli inkişafı sahəsində də atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı ekoloji islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradıldı, Respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Xalqımızın Ümummilli Lideri Azərbaycanın yaşıllıqlar diyarına çevrilməsi üçün bir çox tədbirlərin görülməsinə nail olub.
“Heydər Əliyev İli”ndə bu sahədə görülən işləri regionda təbliğ etmək, habelə müzakirələr aparmaq məqsədilə 16 sentyabr 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayon Heydər Əliyev Mərkəzində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi ilə “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda dəyirmi masa formatında görüş keçirdi.
Görüşdən öncə millət vəkili Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət etdi. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlandı.
“Heydər Əliyev və ekologiya sistemi” mövzusunda çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ekologiya siyasətinin inkişaf tarixindən söz açaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi ekologiyanın inkişafında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi, belə ki, yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər ekologiya sahəsi də güclü inkişaf yoluna qədəm qoydu.
Çıxış zamanı müstəqillik illərində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə ekoloji məsələlər bir daha ön cərgəyə çəkildi, meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar qəbul edildi: “1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Bu Proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir poliqonlar istifadəyə verildi.”
Millət vəkili ekoloqiya sisteminin inkişaf istiqamətlərindən danışaraq bu gün dünyamızın sürətlə dəyişdiyini, yeni çağırışların, universal sənədlərin qarşımıza qoyduğu tələbləri nəzərə alaraq Azərbaycanda ekologiya siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə inkişaf etdirildiyini xüsusi vurğuladı.
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ekologiya institutlarının quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, ekologiya siyasəti haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbirin rəsmi hissəsi Ulu Öndərin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatdı.
Daha sonra M.Əfəndiyevin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, könüllü gənclərin iştirakı ilə Göyçay rayonunda “Təmiz Ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində iməclik tədbirləri həyata keçirilib.