Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Susmayan həqiqətlər” sərgisi ilə tanış oldular.
Sərgi xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, baxımından mühüm əhəmiyyət daşıyır.
Soyqırım 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. kütləvi qırğınlar nəticəsində on minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, evləri yandırılmış və dini-mədəni abidələr dağıdılmışdır.
Ombudsman Aparatının əməkdaşı, Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, publisist Azadə Novruzova kitabxananın əməkdaşlarına sərgi haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Mart hadisələri 1998-ci ilin martında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanlıların soyqırım günü kimi elan edilmişdir.
Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından danışan A.Novruzova Qərbi Azərbaycan İcması haqqında da sərgi iştirakçılarına məlumat verdi. Qərbi azərbaycanlıların geyim mədəniyyəti, həyat tərzi haqqında da maraqlı məlumatları sərgi iştirakçılarına çatdırdı. Sərgidə nümayiş olunan hər bir kitab haqqında geniş məlumatı da sərgi iştirakçıları maraqla qarşıladı. A.Novruzova Ombudsman Səbinə Əliyevanın ön sözünün müəllifi olduğu “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı barədə ətraflı məlumat verdi. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların yer aldığını bildirdi. Azadə Novruzova Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovaya kitabın ərsəyə gəlməsində xüsusi əməyini qeyd edərək öz minnətdarlığını bildirdi.
Sərgidə nümayiş olunan materiallar, şəkillər və faktlar xalqımızın keçdiyi ağır tarixi bir daha gözönünə gətirdi. Təqdim olunan materiallar tarixi həqiqətləri dolğun şəkildə çatdırılmasına xidmət edir və maarifləndirici əhəmiyyət daşıyır. Bu cür tədbirlər tariximizi unutmamaq və gələcək nəsillərə çatdırmaq baxımından çox önəmlidir.
Yasamal rayon MKS-inin əməkdaşları sərginin xatirə kitabında təəssüratları ilə bölüşdülər.