"Erməni faşizminin belini qırmış qalib bir millətin nümayəndələriyik" - Günay Ağamalı

"Tarix millətlərin keçdiyi sınaqların, çəkdiyi ağrıların və qazandığı zəfərlərin canlı şahididir. Azərbaycan xalqı üçün 31 mart erməni şovinizminin bəşəri cinayətlərinin, insanlıq əleyhinə yönəlmiş nifrətinin və mifik “Böyük Ermənistan” xülyası naminə törədilmiş amansız soyqırımının tarixidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı səsləndirdi. O qeyd etdi ki, 19-cu əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura məqsədli şəkildə köçürülən ermənilər regionun demoqrafik mənzərəsini qanla dəyişdirməyə çalışıblar:

"Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərmanla siyasi-hüquqi qiymətini alan 31 Mart Soyqırımı, bu mənfur siyasətin ən qəddar mərhələlərindəndir. ​Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, Salyanda on minlərlə soydaşımız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Quba məzarlığında aşkarlanan, başına mismar vurulmuş, küt alətlərlə parçalanmış kəllə sümükləri erməni vandalizminin hüdudsuzluğunu dünyaya hayqıran səssiz şahidlərdir. Bu, azərbaycanlıları yer üzündən silmək üçün törədilən soyqırım idi".

Millət vəkili qeyd etdi ki, ​sovet hakimiyyəti illərində bu dəhşətli cinayətlər ört-basdır edildi, qatillər “qəhrəman” kimi təqdim olundu, xalqımızın yaddaşını silməyə çalışdılar:

"Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində həqiqət gün işığına çıxdı. Ümummilli lider Heydər Əliyevin 26 Mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət, Qubada ucaldılan “Soyqırımı Memorial Kompleksi” və soyqırımın 100 illiyi ilə bağlı imzalanan sərəncamlar bu qanlı səhifənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm mərhələlərdir".

Müsahibimizin sözlərinə görə, ​dünya ictimaiyyəti qəbul etməlidir ki, erməni faşizmi təkcə azərbaycanlıları deyil, bölgədə yaşayan ləzgiləri, yəhudiləri, rusları və talışları da eyni amansızlıqla hədəfə almışdı:

"Erməni şovinist ideologiyası öz mahiyyəti etibarilə bütün bəşəriyyətə və birgəyaşayış mədəniyyətinə düşmən kəsilib. ​Bu gün biz, Müzəffər Ali Baş Komandan, dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, erməni faşizminin belini qırmış qalib bir millətin nümayəndələriyik. 1918-ci ildə dinc əhalini qətlə yetirən daşnakların varisləri olan müasir erməni terrorçuları 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında layiq olduqları cavabı aldılar. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün Xankəndidə, Şuşada, Xocalıda ucalan şanlı bayrağımız 31 mart qurbanlarının ruhuna dinclik gətirir.

"Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur".  Ulu öndər Heydər Əliyevin bu fikirləri tariximizi unutmamaq və unutdurmamaq üçün bizə verilmiş mühüm bir nəsihətdir və həm vətəndaşlıq, həm də mənəvi borcumuzun ifadəsidir. Saxta erməni təbliğatına qarşı mübarizə bu gün də davam edir. Biz bu faciələrin həqiqətlərini gənc nəslə çatdırmalı, eyni zamanda onlara qalibiyyət ruhunu aşılamalıyıq. ​Azərbaycan dövləti hər bir vətəndaşının təhlükəsizliyini təmin edəcək qədər güclü, milli maraqlarını sonadək qoruyacaq qədər qətiyyətlidir. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, xalqımıza bir daha belə acılar yaşamamağı diləyirəm".