Fəxr edirik ki, dahi Heydər Əliyevin qurduğu dövlətdə yaşayırıq

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, bədnam qonşuları tərəfindən torpaqları işğal edildiyi və əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını, liderini, öndərini seçməlidir. Xalq öz seçimini etdi və 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqımız böyük səs çoxluğu ilə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalq artıq millətin və dövlətin yeganə xilas yolunun Heydər Əliyev yolu olduğunu başa düşmüşdü. Əvvəla, biz hələ sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyən qoymayan Heydər Əliyev siyasətini yaxından tanımışdıq və bu səbəblə xalqın ona olan sevgisi və dayağı möhkəm idi. Məhz xalqın bu sevgisi və çağırışı Heydər Əliyevi vətənə geri qaytarmış, onun Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Ali Sovetindəki fəaliyyəti isə xalqı bir daha əmin etmişdir ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, həlledici anlarda məsuliyyətli və cəsarətli addımlar atmaq bacarığı, xalq-millət sevgisi sonsuzdur və müqayisəedilməzdir. Digər tərəfdən, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi xaos, anarxiya, ölkədə vətəndaş müharibəsi, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi, AXC-Müsavat iqtidarının səriştəsizliyi xalqı bir daha əmin etmişdi ki, millətin və dövlətin yeganə xilaskarı Heydər Əliyev ola bilər. Əvvəlcə Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü zamanında Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etmədiyi üçün dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, Laçın, Şuşa xəyanətlərini yaşamağa məcbur oldu. Lakin onların etmədiyini xalq özü etdi, 3 oktyabr 1993-cü il tarixində xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi. Yalnız Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Komitə sədri qeyd edib ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa olundu. Ulu öndər Heydər Əliyev Qarabağ müharibəsində atəşkəsə nail oldu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır.

1993-cü ildə Heydər Əliyev qarşıya qoyduğu vəzifələri bəyan edərkən demişdir ki, Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməli və demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Sözü ilə əməli bir olan Ulu Öndər rəhbərliyinin ilk illərindən ölkədə siyasi-hüquqi islahatlara start vermişdi. Ölkədə demokratik idarəetmə sistemi formalaşdırıldı, ilk parlament seçkiləri keçirildi, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu. Ölkəmizdə milli, demokratik dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi, sözün əsl mənasında, çoxpartiyalı siyasi sistemin formalaşması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın uzun müddət təkpartiyalı SSRİ-nin tərkibində yaşadığını, 70 il ərzində cəmi bir partiyanın mövcudluğu və həmin partiyanın alternativsizliyinə cəmiyyətin inandırılmasını, SSRİ-nin dağılmasından sonra isə ölkəni bürüyən siyasi hərc-mərcliyi nəzərə alsaq, Azərbaycanda çoxpartiyalı siyasi sistemin yaradılmasının heç də asan proses olmadığını aydın görərik. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, siyasi-iqtisadi tərəqqinin təməlinin qoyulması, siyasi şüurun, siyasi dialoqun inkişafı, demokratik ənənələrin formalaşması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması, Konstitusiyanın 58-ci maddəsində birləşmək hüququnun, o cümlədən hər kəsin siyasi partiya yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnun təsbit edilməsi Azərbaycanda siyasi partiyaların yaranmasına və çoxpartiyalı siyasi sistemin möhkəmlənməsinə təkan verdi. Mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, qanunun aliliyi prinsipinin real təmin olunması, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə qarşı mübarizədə dövlətin imkanlarının səfərbər olunması, qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakının artırılması və yüzlərlə bu qəbildən olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan sözün əsl mənasında demokratik-hüquqi dövlətə çevrildi.

İqtisadi dirçəlişimizin təməli sayılan “Əsrin müqaviləsi”nin bağlanmasında da birbaşa Heydər Əliyev şəxsiyyətinə borcluyuq. Heydər Əliyevin beynəlxalq nüfuzu, gücü, ona olan böyük inam və hörmət belə böyük bir layihədə xarici dövlətlərin və şirkətlərin müstəqilliyini yenicə bərpa etmiş və beynəlxalq səviyyədə hələ çox da tanınmamış Azərbaycana külli miqdarda investisiya qoymasının ən böyük səbəbi idi. Heydər Əliyev ölkəmizin iqtisadi potensialını, milli maraqları, qlobal iqtisadi meyilləri nəzərə almaqla Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyən etmişdi və bu strategiya sahəsində ölkəmiz uzunmüddətli sovet iqtisadiyyatından sonra çoxmülkiyyətliliyə əsaslanan bazar iqtisadiyyatına uğurlu keçid etmişdir. Ölkəmizin sosial-iqtisadi dirçəlişinə böyük təsir etmiş Qədim İpək yolunun bərpasında Azərbaycanın aktiv iştirakı da Ulu Öndərin müstəsna xidmətlərindədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilmişdi.

Ümumiyyətlə, bu gün torpaqlarını düşmən işğalından azad edərək özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycanın istənilən sahədə inkişafının təməlində məhz Ulu Öndərin xalqımız, dövlətimiz üçün etdiyi xidmətlər dayanır. Heydər Əliyevin dahi şəxsiyyəti, diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasının təmin etmişdi. Dünya dövlətləri ilə ikitərəfli qaydada, diplomatik münasibətlərin inkişafı ilə yanaşı BMT, Avropa İttifaqı daxil olmaqla, beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırılmışdı.

Ulu Öndər milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirmiş, “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” deyən dahi şəxsiyyət “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirməklə ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirmişdi.

Artıq hamımıza yaxşı məlumdur ki, Prezident İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu qərar dahi siyasətçinin dərin zəkasının, fitri diplomatik istedadının, siyasi uzaqgörənliyinin, geniş dünya görüşünün, siyasi iradəsinin, hadisələri qiymətləndirmə bacarığının, peşəkar rəhbərlik xüsusiyyətlərinin, ensiklopedik biliyinin, məharətli natiqlik bacarığının daha dərindən və ətraflı öyrənilməsi baxımından çox vacibdir. Heydər Əliyev irsinin və şəxsiyyətinin öyrənilməsi yalnız ölkəmizdə deyil, elə bütün dünyada diplomatiya və politologiya sahələrinə bəxş edilmiş böyük töhfədir. Digər tərəfdən, Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi deməkdir.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində söyləmişdir ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. Ulu Öndər Heydər Əliyev ömrünün sonuna kimi bu anda şərəflə sadiq qaldı. Bu gün biz fəxr edirik ki, belə bir Liderin qurduğu dövlətdə yaşayırıq. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən heç bir xarici və daxili qüvvə bu dövləti sarsıda bilməz. Azərbaycan daim irəli gedəcək!