Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir

Heydər Əliyev: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”

Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı şərtləndirən amillərdəndir.

Azərbaycanın xarici siyasət sahəsindəki uğurları da uzaqgörən, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, xalqı narahat edən problemlər tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.

Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik müasir, müstəqil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün münbit şərait yaratdı.

Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyevə olan sevgisini daha da gücləndirir.

Heydər Əliyev bütün varlığı, sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir birini tamamlamış öz xalqına sıx bağlılığın milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır.

Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə iki il öncə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.

Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. 

Taleh Məmmədov,

“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttıfaqı Komitəsinin sədri