Laçın şəhərinin yeni siması müstəqilliyimizin gücünün sübutudur

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək .Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur;İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Prezident İlham Əliyevin Qarabağa-ötən iki il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib.

Bugünlər Laçın torpağında tarixi günlər yaşanır. 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi və Laçın ictimaiyyəti ilə görüşdü. Hər səfərində vəziyyətlə tanış olan ölkə başçısı Laçında da böyük qayıdışa hədəflənən təməlləri atdı. Görüşdə ölkə başçısı bir daha tarixi anlara ekskurs edərək Zəfərimizi şərtləndirən amilləri xatırlatdı. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirəcəyimizi bildirmişdi: “Hazırda bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur, soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılır. Ötən ilin avqustunda Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müjdəni vermişdir ki, biz Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ölkə Prezidenti sentyabr ayında Laçın rayonuna səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi məqamı xatırlatmağımız səbəbsiz deyil. Qısa müddətdə, 8 ay ərzində Laçın şəhərinin böyük bir hissəsinin yenidən qurularaq sakinlərini qarşılaması bir daha ölkəmizin hansı imkanlara malik, eyni zamanda, Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq təsəvvür var. İlin sonuna qədər daha çox insanın Laçında yaşaya biləcəyi diqqətə çatdırıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə də zəngin olur. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın “Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndlər buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir.

Artıq Azərbaycanın haqlı mövqeyi ilə demək olar ki, bütün beynəlxalq təşkilatlar razılaşırlar.Faktiki olaraq, artıq nə müstəqllikdən, nə də muxtariyyətdən heç kəs söhbət açmır. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətinin ortaya qoyduğu qətiyyətli mövqeyin nəticəsidir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri