Prezident İlham Əliyevin Almaniyaya səfəri siyasi olduğu qədər iqtisadi və ticarət ələqələri baxımından da çox uğurlu keçdi

Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri, səfər zamanı keçirilən çoxsaylı görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətli oldu. Bu səfərin təfərrüatlarına keçmədən öncə xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev elə bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə əlaqədar Almaniyaya uğurlu səfər etmişdir. Konfransda çıxışı zamanı Cənab Prezident İkinci Qarabağ Müharibəsinin baş verməsini qaçınılmaz edən amillər, 30 il ərzində torpaqlarımızın erməni işğalı altında qaldığı dövrdə beynəlxalq hüququn və beynəlxalq icitmaiyyətin Ermənistana əsaslı təzyiqlər etməməsi, nəticədə Azərbaycanın öz igid hərbçilərinin qanı bahasına torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə məcbur qalması, müharibə başa çatdıqdan sonra isə regionda davamlı sülhə nail olmaq üçün Azərbaycan tərəfindən atılan addımlar və edilən təkliflər haqqında geniş məlumat vermişdir. Cənab Prezident xüsusilə vurğulamışdır ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi Azərbaycan dövlətinin diqqətindədir, Qarabağda doğulmuş, ömrü boyu orada yaşamış erməni icması ilə müzakirələr aparmağa hazırıq və belə müzakirələrin aparılması Azərbaycanın öz daxili işidir. Bununla da Münxen Təhlükəsizlik Konfransında postmünaqişə dövrünün reallıqları bütün dəqiqliyi ilə bir daha Avropanın diqqətinə çatdırılmışdır.

Prezident İlham Əliyevin Almaniyaya bu dəfəki səfəri isə daha çox iki ölkənin siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə ximdət etməyə yönəlmişdir. Səfərin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, baş nazir Olaf Şolts, və digər dövlət nümayəndələri ilə görüşləri ölkələrimizi siyasi baxımdan daha da yaxınlaşdırdı.Bu bizim üçün olduqca önəmlidir. Çünki ilk növbədə qeyd etmək lazımdır ki, Almaniya Avropanın ən inkişaf etmiş və müstəqil söz sahibi olan dövlətlərindən biridir, digrə tərəfdən Almaniya dövlətimizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib, eləcə də Almaniya Azərbaycanı Cənubi Qafqazda güc mərkəzi kimi tanıyır. Bu cür səfərlər sayəsində Almaniya ilə siyasi dialoqun müntəzəm olaraq inkişaf etdirilməsi ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcək. Məhz uğurlu siyasi dialoqun qurulmasının nəticəsi oldu ki, Almaniya Baş Naziri Olaf Şolts mətbuat konfransında bəyan etdi ki, Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirmiş və Dağlıq Qarabağı respublika kimi tanımamışdır.

Səfərin ikinci tərəfi isə ölkələrimiz arasında iqtisadi və ticari əlaqələrin möhkəmləndirilməsi ilə bağlıdır. Biz “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Heydər Əliyevin qurduğu dövlətdə yaşayırıq. Odur ki, Heydər Əliyev irsini ən dəyərli miras kimi qəbul edən başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan siyasi və ictimai xadimləri güclü iqtisadiyyatın ölkəmiz üçün necə böyük əhəmiyyət daşıdığını çox yaxşı başa düşür. Azərbaycanı iqtisadi cəhətdən müstəqil ölkəyə çevirmək həm Ulu Öndərin, həm də cənab İlham Əliyevin siyasətinin ən başlıca məqsədlərindən biri olmuşdur. Təməlində iqtisadi gücün və qüdrətin dayandığı İkinci Qarabağ Müharibəsində əldə edilmiş möhtəşəm Zəfər isə sübut etdi ki, Azərbaycan bu məqsədə çoxdan nail olub. Bundan sonrakı məqsədimiz isə bu iqtisadi qüdrəti qorumaq, daha da inkşaf etdirmək və müasir dövrün yeni tələb və çağırışlarına uyğunlaşdırmaqdır.

Yeni hədəfə doğru atdığımız ən böyük addım keçən ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Cənab Prezidentin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalamaları olmuşdur. Bu sənədin imzalanması ilə ölkəmiz rəsmən enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilmişdir. Enerji sahəsində belə mühüm strateji tərəfdaşlığa nail olunması nəinki yalnız enerji sahəsində, bütövlükdə iqtisadiyyatımız üçün yol xəritəsi rolunu oynayacaq. Bu istiqamətdə nəhəng layihələr planlaşdırılıb və hətta həyata keçirilməyə başlayıb. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar biz artıq Cənub Qaz Dəhlizinin kəmər imkanlarını genişləndirməyi planlaşdırırıq. Bundan başqa mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət almışıq. Hazırda Azərbaycanın qaz təchizatının kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Eyni sözləri Azərbaycan nefti və elektrik enerjisi ilə bağlı da deyə bilərik. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsinə dair imzalanan saziş ölkəmizin enerji tranziti imkanlarını daha da artırmışdır. Qarşımızda duran hədəflərdən biri də bərpaolunan enerji mənbələrindən istifadədir. Qarabağ və Şərqi Zəngəzur bölgələrini yaşıl enerji zonası elan etmişik, Naxçıvanın, digər regionlarımızın, eləcə də Xəzər dənizinin də bu sahədə böyük potensialı var. Bərpaolunan enerjiyə qoyulan sərmayə bizim neft və qaz ehtiyatımıza qənaət edilməsinə və həmin ehtiyatları, eləcə də yaşıl enerjinin özünü daha çox ixrac etmək imkanımıza səbəb olacaq ki, nəticədə enerji diplomatiyasından əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızı, xüsusən də iqtisadiyyatımızın qeyri-enerji sektorunu gücləndirməyə imkan verəcək. Son dövrlərdə ölkə iqtisadiyyatımızın güclənməsinə təkan verən digər bir sahə isə nəqliyyat-tranzitdir. Xüsusən də, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ilə Asiyanı birləşdirən alternativ yolların axtarılması ölkəmizin bu sahədə önəmini daha da artırmışdır. Yeni dəniz limanının, avtomobil və dəmir yollarının tikintisinə investisiya yatıran Azərbaycan bu imkandan da ən əlverişli şəkildə istifadə edir.

Böyük Qayıdışın ən yüksək şəkildə tamamlanması, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bank və maliyyə sahəsində, təhsilin, səhiyyənin inşikaf perspektivləri, xarici borcun azaldılması strategiyasının həyata keçirilməsi və digər sahələrdə də böyük hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün Almaniya kimi iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi ölkəmizin inkişafına böyük töhfə verəcək.

 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov