Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günündə Kəlbəcərdə komando hərbi hissəsində çıxışı mühüm siyasi-hərbi və tarixi hadisədir

“26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, Kəlbəcərdə komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimin keçirilməsi, mərasimdə müzəffər Ali Baş Komandanın çıxışı mühüm siyasi-hərbi və tarixi hadisə kimi yaddaşlara həkk olundu. Hər an ən mürəkkəb şəraitdə qarşıya qoyulan hərbi vəzifəni yerinə yetirməyə qadir olan komandonun Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini alması, hətta birbaşa Kəlbəcərdən “Dəmir yumruq yerindədir” mesajının verilməsi də postmüharibə reallığının hər kəs tərəfindən qəbul edilməsinə dair növbəti xəbərdarlıq oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, birinci komando hərbi hissəsi 24 dekabr 2021-ci ildə işğaldan azad edilmiş Hadrutda istifadəyə verilib: “Cəmi 6 ay sonra yeni yaradılmış növbəti komando qüvvələrinin hərbi hissəsinin Kəlbəcərdə açılış mərasiminin keçirilməsi onu göstərir ki, Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir. Yeni formalaşdırılan komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bununla bərabər bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən ötən müddət ərzində Azərbaycan ordusu daha da gücləndirilib, müasir silahlarla təchiz edilib. Müharibədən sonrakı vəziyyət bir daha göstərir ki, bu gün Azərbaycan Ordusu həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha güclüdür. Heç şübhəsiz ki, ordunun daha da gücləndirilməsi tədbirləri postmünaqişə reallığı ilə barışmayan revanşistlərə və onların havadarlarına mühüm hərbi mesajdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir”.

“Sirr deyil ki, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri qurban vermişdi. Hətta, o zamankı hakimiyyətin nümayəndələri Kəlbəcərin işğalını “əl borcu” kimi qələmə verirdilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, həmin dövrdə AXC-Müsavat tandemi Kəlbəcəri müdafiə etmək əvəzinə talançılıqla, soyğunçuluqla məşğul olurdular. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Kəlbəcərdə abadlıq-quruculuq işləri gedir, rayonun infrastrukturu yenidən qurulur. Bütövlükdə isə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirən Prezident İlham Əliyev qalib Azərbaycan xalqının qürurunu və özgüvənini geri qaytardı, 30 il öncə AXC-Müsavat xəyanətkar cütlüyünün insanlara yaşatdığı məğlubiyyət sindromunu darmadağın etdi.