Quruculuq işləri Vətən müharibəsində qazanılmış Zəfərin davamıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfər­lə­ri Vətən müharibəsində qazanılmış Zəfərin quruculuq mərhələsi kimi tarixləşir. Bu səfərlər quruculuq iş­lə­ri­nin genişlənməsini, sürətlənməsini təmin edir. İyunun 26-da Kəlbəcərə və Laçına səfərin də mahiyyəti Vətən müharibəsində qazanılmış Zəfəri quruculuq işlərində qazanılacaq zəfərlə tamamlamaqdır.

Kəlbəcərlə əlaqə ancaq Ömər aşırımından keçən yoldur. Bu yol qışda bəzən keçilməzləşir də. Bu sə­bəbdən ölkə başçısının müvafiq sərəncamı ilə Murovdağ dağ silsiləsindən Kəlbəcərə tunel açılır. Bu tunel həm gediş-gəlişi asanlaşdıracaq, həm də məsafəyə qənaət ediləcəkdir. Tunelin bu mahiyyəti nəzərə alınanda ona respublika miqyaslı əsrin tikintisi deyə bilərik.

Kəlbəcərdə Müdafiə Nazirliyinin yeni “N” hərbi hissəsinin – komando hərbi hissəsinin açılışı təkcə Kəlbəcərin deyil, ümumən respublikamızınmüdafiəsinin qüdrətini artıracaqdır. Azərbaycan Res­pub­li­ka­sı­nın Prezidenti cənab İlham Əliyev dedi:“Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hər­­bi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Vətən müharibəsi başa çatdı, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın şərtlərinə tam əməl etməyən Ermənistan indi dərk edəcək ki,sirkə nə qədər tünd olarsa, öz qabını çartladar...

Kəlbəcərdə və Laçında su elektrik stansiyalarının istifadə ərəfəsində olması quruculuq içlərinin optimal müddətdə başa çatdırılacağının zəmanətidir. Ölkə başçısı bu tikintilərlə də yaxından tanış olub, müvafiq göstərişlər verib.

İlhaq dövründə, Azərbaycan SSRİ-nin tərkibində olanda Kəlbəcərdə İstisu sanatoriyası vardı, müx­tə­lif şəhərlərdən bu möcüzə suya görə Kəlbəcərə axın olurdu. Ermənistan işğal müddətində sanato­riyanı da dağıdıb, suyun mənbəyini də. Ölkə başçısının müvafiq sərəncamı ilə İstisuya yeni inkişaf ömrü veril­mək­dədir. Bu, həm turizmin inkişafında gərəkli olacaq, həm də ölkəyə iqtisadi səmərə verəcəkdir.

Ölkə başçısının Kəlbəcərə və Laçına səfəri quruculuq işlərini Zəfərin davamı kimi tarixləşdirdi...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı