“Regionlarda aqroparkların fəaliyyəti kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir edəcək”

“Bu gün Azərbacan dövlətinin əsas prioritet odur ki, rayonların iqtisadi imkanları genişləndirilsin, abadlıq-quruculuq işləri davam etdirilsin. Bundan başqa regionlarda sənaye potensialının, kənd təsərrüfatının inkişafına da böyük diqqət göstərilir. Bu baxımdan Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi öz müsbət təsirini göstərib”. Bu fikirləri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova “sabahinfo.az”a bildirib.

Səadət Məhərrəmova deyib ki, Prezident İlham Əlyevin Şəki və Oğuza son səfəri zamanı yeni sənaye, aqrar, mədəni, ictimai-iaşə obyektlərinin açılışında iştirakı regionların inkişafının əyani sübutdur: “Bütün bunlar dövlətimizin inkişafı və uğurudur. Amma buna baxmayaraq Prezident İlham Əliyev həmin səfər zamanı region əhalisi ilə görüşündə “Xan sarayının da təmirə ehtiyacı var. İndi onunla da məşğul olacağıq” fikrini işlədib. Bu, dövlət başçısının milli-mənəvi dəyərlərimizə, tariximizə olan diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayon sakinləri ilə səmimi görüşləri çox xoş təsir bağışlayır”.

Səadət Məhərrəmova bildirib ki, Şəki və Oğuz ölkəmizin məhsuldar rayonlarındadır: “Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkının yaradılması  bağçılıq və əkinçiliyin inkişafına əhəmiyyətli təsir edəcək. Burada region üçün xarakterik olan qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Prezident İlham Əliyevə dekabrın 2-də Aqroparkda yetişdirilən məhsullar təqdim olunub. Regionlarda bu kimi aqroparkların fəaliyyəti kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir edəcək. Bütün bunlar da ümumi olaraq regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək”.

 

Sabahinfo.az