Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sabahinfo.az xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu deyib.
Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunulub, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.
Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğulayıb.
Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.