Səfirlik əməkdaşlarına silah verilsin – Deputatdan təklif

“Parlamentdə bir iclas xaricdə fəaliyyət göstərən səfirliklərimizin təhlükəsizlik məsələsinə aid edilməlidir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

“Dövlət qurumları da parlamentə çağırılmalıdır. Son vaxtlar xaricdəki beş səfirliyimizə hücum olub, bu, ciddi problemdir. Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarımıza lazım gəldikdə silahlar paylanılmalıdır. Bu məsələ müzakirə olunmalıdır”, - deyə deputat təkliflə çıxış edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.