Siyasi "baqajları" çoxdan boşalmışlar artıq müxalifətdəki yerlərini itirməkdən qorxurlar

Əldə etdiyimiz tarixi Zəfərdən sonra siyasi camiyədə tez-tez müzakirə olunan mövzulardan biri yeni seçkilərin keçirilməsi ilə bağlı idi. Siyasi şərhçilərdən bir çoxu, əksər partiya liderləri bildirirdilər ki, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam şəkildə təmin olunması nəticəsində yaranmış yeni reallıqların ictimai-siyasi həyatda da nəzərə alınmasına ehtiyac var. Adətən, söhbət referendumdan və növbədənkənar Parlament seçkilərindən gedirdi. Cəmiyyətimizdə radikallığı ilə tanınan ənənəvi siyasi müxalifətin ayrı-ayrı təmsilçiləri isə növbədənkənar Prezident seçkilərinin keçirilməsi təklifi ilə çıxış edir, bəzən bu, onların ritorikasında hətta tələb müstəvisinə keçirdi. Amma nə qədər qəribə görünsə də, növbədənkənar seçkilər elan olunduqdan sonra nədənsə təşvişə düşən, Prezident Sərəncamına çaşqınlıq içərisində etiraz edən yenə də həmin radikal müxalifət oldu.

Bu, şəxsən məni təəccübləndirmədi. Çünki uzun illər ərzində elə həmin radikal müxalifətin istisnasız bütün  təmsilçiləri  dil boğaza qoymadan “and-aman” edirdilər ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə torpaqlarımızın bir qarışı belə işğaldan azad olunmayacaq və hakimiyyət buna heç səy də göstərməyəcək. Həmin camiyə öz uydurmalarını onunla əsaslandırmağa çalışırdı ki, istənilən müharibə hakimiyyətin itirilməsi riskini yarada bilir və guya Prezident İlham Əliyev belə bir riskə hazır deyil. Torpaqlarımız işğaldan azad edildikdən və ölkəmizin suverenliyi bütün ərazilərimizdə təmin olunduqdan sonra, elə həmin şəxslər iddia etməyə başladılar ki, “İlham Əliyev müharibəyə öz hakimiyyətini qoruyub saxlamaq naminə getdi”. Sağlam məntiqdən nə qədər uzaq görünsə də, bir-birini təkzib edən hər iki iddia radikal müxalifətə, eyni şəxslərə məxsusdur. Ona görə də əvvəlcə seçki tələb edən, növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra isə onu haray-həşirlə qarşılayanların mövqeyi məni təəccübləndirmədi.

 

Prezident seçkiləri, xüsusilə növbədənkənar seçki istənilən ölkənin ictimai-siyasi həyatında ən mühüm siyasi hadisələrdən biri hesab olunur. Adını radikal müxalifətçi qoyan hansısa  siyasi funksioner hakimiyyət uğrunda apardığı mübarizədə yaranmış bu fürsəti adekvat şəkildə dəyərləndirə bilmirsə və siyasi mübarizəyə hazır olmadığını açıq-aşkar nümayiş etdirirsə,  bu, o deməkdir ki, onların siyasi mayası yalnız populizm üzərində yoğrulduğu üçün reallıqdan çoxdan uzaq düşüblər. Belələri məhz buna görə özlərini virtual məkanda daha rahat hiss edirlər. İllərlə müxalifətdə olan, radikal və ya qeyri-radikal hansısa siyasi funksioner seçki qərarına sevinmək əvəzinə, onu çaşqınlıqla qarşılayıb etiraz edirsə, bu həm də o deməkdir ki, onların özləri də siyasi varlıqlarnı müxalifətçilikdən kənarda görmürlər. Çünki, əslində, siyasi “baqajlarının” çoxdan boşaldığını hər kəsdən, o cümlədən partiyadaşlarından da daha yaxşı özləri bilirlər. Bilirlər ki, onlara az-çox inanan şəxslərə uzun illər ərzində verdikləri vədlər mənasız söz yığnağından, baş aldatmaqdan başqa bir şey olmayıb. Elə buna görə də belələri öz fəaliyyətlərini komplo nəzəriyyələr, zaman ötdükcə daha böyük yalanlar üzərində qururlar. Təsəvvür edin, növbədənkənar Prezident seçkiləri elan edilməzdən cəmi bir-iki ay əvvəl radikal müxalifətin “mister Bini” sosial şəbəkə və “Youtube” kanalları vasitəsilə Prezident İlham Əliyevə belə bir çağırışla müraciət edirdi: “seçkiləri elə bu gün təyin et, gör kim qalib gəlir”. Amma bu cür virtual “qəhrəmanlar” seçki sözünü eşidən kimi, elə bil canlarına birə düşdü. Çünki belələrinin özləri də hamıdan yaxşı bilir ki, seçki ciddi siyasi prosesdir və virtual məkandan çox-çox fərqlidir. Onlar hətta partiyadaşlarından da yaxşı bilirlər ki, seçkilər siyasi “baqajlarının” çoxdan boşaldığını çılpaqlığı ilə üzə çıxaracaq və artıq bu dəfə müxalifətdə olan yerlərini də itirməli olacaqlar. Belə fuksionerləri ən çox qorxudan gerçək perspektiv ondan ibarətdir ki, bundan sonra boş vədlərlə aldatdıqları, yalan ümidlər verdikləri,  müxalifətdə qocalmağa məhkum etdikləri tərəfdaşları da onlardan birdəfəlik üz döndərəcək.

Belələrinin, təəssüf ki, hətta bəzən ayrı-ayrı ciddi siyasi ekspertlərin növbədənkənar Prezident seçkilərinin əsasları ilə bağlı irəli sürdükləri fərziyyələr də komplo nəzəriyyəsinə söykənir. Radikal müxalifət qəsdən, bəzi şərhçilər isə yanlışlıq üzündən ölkə qanunvericiliyinin tələblərini nəzərə almırlar. Halbuki,  Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə görə, növbədənkənar Prezident seçkilərinin təyin olunması Azərbaycan Prezidentinin səlahiyyətinə aiddir və Əsas Qanunda bu seçkinin keçirilməsini, əsaslandırmanı  şərtləndirən hallar nəzərdə tutulmur. Radikal müxalifətin siyasi funksionerləri bir anlıq virtual aləmdən ayrılıb reallığa nəzər yetirsəydilər, gerçəkliyi çox asanlıqla görə bilərdilər. Gerçəklik isə ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və 24 saatlıq antiterror tədbiri nəticəsində bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra yeni tarixi reallıq yaranıb. Bu reallıq imkan verir ki, müstəqillik dövrümüzdə ilk dəfə olaraq Prezident seçkiləri Azərbaycanın bütün ərazisində keçirilsin. Nə qədər acınacaqlı olsa da,  reallıqlardan biri də ondan ibarətdir ki, tarixi Qələbəmizi həzm edə bilməyən siyasi mərkəzlər Şuşada, Xocalıda, nəhayət Xankəndidə  Azərbaycan Bayrağının dalğalanması ilə də barışa bilmirlər. Növbədənkənar  Prezident seçkiləri mühüm ictimai-siyasi hadisə kimi imkan verəcək ki, beynəlxalq hüququ heçə sayan, tarixi ədalətin təntənəsi ilə hələ də barışmaq istəməyən, elə bu səbəbdən qərəzli qətnamə və bəyanatlarla Azərbaycanın üzərinə gələn həmin dairələr, yeni tarixi reallığın xalqımızın iradəsi əsasında formalaşdığını və Prezident İlham Əliyevin bütün qərarlarında məhz ümumxalq iradəsinə söykəndiyini görə bilsinlər.

 

Bu gün eynilə həmin dairələr kimi,  tarixi Zəfərin sevincini könül xoşluğu ilə yaşaya bilməyən, “Qələbə” sözünün yanına “demək olar ki” və ya “əsasən” ifadələrini qoşmaqla onun miqyasını kiçiltməyə cəhd edən, yaxud “tarixi Zəfərdə İlham Əliyevin heç bir rolu yoxdur” qədər rəzil iddianı irəli sürən radikal müxalifət 2024-cü il fevralın 7-də, nəhayət, başa düşəcək ki,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqı üçün artıq bir dəyərə çevrilib. Xalqımız isə dəyərlər seçiminə tarixən sadiq olub. Bunu görmək və əmin olmaq istəyənlər üçün şəffaf və ədalətli rəqabət meydanı açıqdır. Amma heç kim unutmasın ki, bu, saxta və kimliyini gizlədən profillərdən “like” istənilən virtual məkan  deyil, real həyatdakı açıq siyasi mübarizə meydanıdır.

 

Ülvi Quliyev 

Milli Məclisin deputatı