Sualların meydana çıxması isə hazırlanan sənədin təkmil olmamasından qaynaqlanır

Avropa Parlamentinin Qarabağdakı blokadanın humanitar nəticələrinə dair 2023-cü il 19 yanvar tarixli qətnaməsi beynəlxalq hüququn prinsiplərinin pozulduğu sənəddir.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qətnamənin mətnində irəli sürülən müddəalar həqiqəti əks etdirmir: “Təəssüf ki, avropalı parlamentarilər erməni lobbisinin təsiri altında belə bir sənədə səs veriblər. Sənəddə göstərilir ki, 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yolun - Laçın dəhlizinin özünü ekoloq adlandıran Azərbaycandan olan şəxslər tərəfindən bağlanması nəticəsində burada yaşayan 120 min erməninin əsas mal və xidmətlərə, o cümlədən ərzaq, yanacaq və dərman vasitələrinə çıxışını dayandırıb, onları faktiki olaraq blokadaya salıb. Əslində isə hazırda davam edən aksiyanın məqsədi başqadır. Blokadadan heç bir söhbət gedə bilməz. Əgər blokada varsa onda niyə hər gün humanitar avtomobil karvanının keçməsinə şərait yaradılır? Bu günə olan statistikaya görə, aksiyanın davam etdiyi 44 gün ərzində 900-dən çox belə keçid reallaşıb. Heç bir maneə olmadan həyata keçirilən humanitar yardımları bir sıra beynəlxalq təşkilat nümayəndələri də izləyib. Ən acınacaqlı hal ondan ibarətdir ki, “Dağlıq Qarabağ” ifadəsini istifadə etməklə, Xankəndidə yaşayan insanları hədəf alaraq onların sayının 120 min olduğu iddia olunur. Aparılan statistikalar onu deməyə əsas verir ki, Xankəndidə 120 insan yaşamır. Təşkil edilən aksiyalarda say artırmaq üçün ermənilər müxtəlif yollara əl atırlar. Aksiya iştirakçısı kimi orada olan hərbi qulluqçulardan və digər vasitələrdən istifadə olunur və bu da saxta məlumatların meydana gəlməsinə əsas verir. Əslində, Xankəndidə olan vətəndaşların dəqiq sayının çıxarılması yönündə də təklif qaldırılmalıdır, bu statistikanın da dəqiqləşdirilməsinə ciddi ehtiyac var”.

Qərəzli qətnamənin digər maddəsinə diqqət çəkən deputat deyib: “Sənəddə qeyd olunur ki, Azərbaycan Laçın dəhlizinin blokadasını davam etdirməklə üçtərəfli atəşkəs Bəyanatından irəli gələn beynəlxalq öhdəlikləri pozur və buna əsasən Azərbaycan dəhlizboyu hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməli olduğu halda bu yöndə addım atmır. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi işlər barəsində istər yerli, istərsə də beynəlxalq mediada kifayət qədər məlumat var. Hətta beynəlxalq korpusun bir sıra nümayəndələri işğaldan azad edilmiş ərazilərdə olublar, atəşkəs Bəyanatının həyata keçirilməsi prosesi ilə maraqlanıblar. Görünən odur ki, Ermənistan 1990-cı və ondan öncəki illərdə olduğu kimi dünya birliyinin gözünə kül üfürməklə məşğuldur və bunu müəyyən mənada bacarır. Belə ki, üçtərəfli Bəyanata əməl etməyən məhz Ermənistandır. Üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməyən Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı Avropanın mərkəzi şəhərlərində imzaladığı sənədlərə də məhəl qoymur. Bu qətnaməyə səs verənlər Praqa, eləcə də Brüsseldə keçirilən görüşlər sonrası imzalanan sənədlərin icra vəziyyəti ilə niyə maraqlanmırlar? Əgər biz bu gün demokratik prinsiplərdən çıxış edən təsisat kimi Avropa Parlamentini görürüksə o niyə birtərəfli qərarlar qəbul edir? Bu sualın bir cavabı var, o da erməni lobbisidir və avroparlamentarilərin belə bu lobbi və erməni havadarları qarşısında aciz qalmasıdır. Bu isə demokratik prinsiplərin pozulmasıdır”.

İltizam Yusifov diqqətə çatdırıb ki, Azərbaycan inkişaf edir, cəbhədə olduğu kimi, siyasi arenada da yürütdüyü siyasətlə həm regiona, həm də Avropaya təhlükəsiz və geniş imkanlar vəd edən layihələrin reallaşdırılmasında əsas oyunçulardan biridir. Bu qətnamədən doğan incə məqamların araşdırılması, reallıqların ortaya çıxması üçün isə lazımi addımlar atılır və bundan sonra da atılacaq.

Deputatın sözlərinə görə, acınacaqlı vəziyyət ondan ibarətdir ki, sənəddə BMT, ATƏT və digər beynəlxalq təşkilatların Xankəndidə mövcud vəziyyətin araşdırılması üçün təcili şərait yaradılmasının qeyd olunmasıdır: “Sənəddə irəli sürülən maddələrdən biri də vəziyyəti qiymətləndirmək və lazımi humanitar yardımı göstərmək üçün beynəlxalq təşkilatlara Dağlıq Qarabağa maneəsiz giriş imkanı verməyə çağırışların olmasıdır. Bizə öz torpaqlarımızda ekoloji monitorinqin aparılmasına şərait yaratmayanlar beynəlxalq təşkilatlara hansı dolğun məlumatları verəcəklər? Yaxud, bu missiyanın həyata keçirdiyi araşdırma nə dərəcədə həqiqəti əks etdirəcək? Sənədin ayrı-ayrı maddələri üzrə bu və ya bu kimi suallar olduqca çoxdur. Belə sualların meydana çıxması isə hazırlanan sənədin təkmil olmamasından qaynaqlanır”.