Zəfər seçkisi!

Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verib. Belə ki, 44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Dövlət başçısının Sərəncamı ilə  Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Eyni zamanda, bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Məlumdur ki, Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.  

Siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları  ucuz demaqogiyadan başqa bir şey deyil. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin onların bu cəhdləri bu dəfə də iflasa məhkumdur. Çünki Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir.

Azərbaycan xalqının cənab İlham Əliyevə inam və etimadı sonsuzdur. Çünki Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirən, Qarabağı xalqımıza qaytaran, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Liderdir. Bütün bunlara əsasən deyə bilərik ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin mütləq şəkildə qələbə qazanacağı şübhəsizdir və Liderimizlə rəqabət apara biləcək hər hansı siyasi qüvvə mövcud deyil!

Anar Məmmədov

Milli Məclisin deputatı