Zəngəzur dəhlizi istifadəyə verilməklə əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli şəkildə artacaq

Azərbaycan və Rusiya əməkdaşlığın, o cümlədən iri təşəbbüs və layihələr vasitəsilə gələcək inkişafına tərəfdardır. Onların arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, yanacaq-energetika kompleksində əməkdaşlıq, sənaye istehsalında kooperasiya xüsusi yer tutur. 2022-ci ildə qarşılıqlı əmtəə dövriyyəsi 24 faiz artaraq, 4 milyard dollar həddinə yaxınlaşıb, bilavasitə “Şimal-Cənub” dəhlizi ilə il ərzində bir neçə milyon ton yük daşınıb.

Əminəm ki, Azərbaycanın qərb regionlarını ölkənin Naxçıvan Muxtar Respublikası ilə birləşdirən strateji cəhətdən mühüm Zəngəzur dəhlizi istifadəyə verilməklə əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli şəkildə artacaq. Lakin bu, yalnız daşınmaların təhlükəsizliyinin təmin olunacağı təqdirdə mümkündür.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Emin Hacıyev bu fikirləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında çıxışında deyib.

Deputat vurğulayıb ki, dövlətlərarası münasibətlərin və əməkdaşlığın bütöv kompleksinin inkişafının əsas tərkib hissəsini Azərbaycan və Rusiya liderləri arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi təşkil edir.

Prezident İlham Əliyevin xarici siyasət sahəsində nüfuzunun daim artması və ardıcıl diplomatik səyləri sayəsində Azərbaycan beynəlxalq görüşlər və danışıqlar üçün etibarlı platformaya çevrilib.

Emin Hacıyev ölkələr arasında, xüsusilə sosial sahələr üzrə əməkdaşlıq formalarını təqdim edib. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi” yaradılıb. Bu mexanizm dövrümüzün ən mühüm problemlərinin həlli üçün vasitə qismində mədəniyyətlərarası dialoqun hərəkətverici qüvvələrinin və üstünlüklərinin daha yaxşı başa düşülməsi üçün kollektiv platformaya çevrilib. Belə ki, 2010-cu ildən başlayaraq, iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Foruma dünyanın siyasət, elm və mədəniyyət elitasının nümayəndələri toplaşır. Emin Hacıyev qeyd edib ki, ənənəvi əsasda Bakıda gənclər təşəbbüsü forumları keçirilir.