10 noyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub  

 2020-ci il 10 noyabr tarixi xalqımızın, eləcə də, dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunub. 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Məhz 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Bəyanat uzun illər davam edən işğala son qoydu.

 Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

 Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir.

 Azərbaycanın əldə etdiyi qələbə və yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

 Üçtərəfli Bəyanatda mühüm məsələlər öz əksini tapıb. Məsələn, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.

 İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

 Bu Qələbə həm də ilk gündən Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirən Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqlədi. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

 Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat, əslində, bütün vacib elementləri əhatə edir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir.

Dosent Asif AXUNDOV,

ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru