2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur.
Sabahinfo.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.
Baş Plan layihəsində, hal-hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilmişdir. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.