27 sentyabr Qələbə salnaməsinin ilk günüdür

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu il Vətən Müharibəsinin üçüncü ildönümünü qeyd edirik. 44 günlük Vətən Müharibəsinin hər günü bizin üçün şanlı tarixdir. 44 günün hər birində Azərbaycan Ordusu yalnız irəli getmiş, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr azad edilmişdir. Lakin 27 sentyabr tarixinin Qələbədə önəmi xüsusidir. Bu tarix Zəfərin başlanğıcıdır, bu tarix erməni işğalına son qoymağa, torpaqlarımızı düşmən işğalından azad etməyə, işğalla heç vaxt barışmayacağına söz vermiş millətin, xalqın, Ali Baş Komandanın səbr kasasının dolduğu gündür.

Ölkəmizin ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq etmiş və onlara lazımi köməyi göstərmişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün çalışan qurumlar nəinki münaqişənin həll olunması üçün ciddi iş görməmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın torpaqlarımızda törətdiyi terror hadisələrinə, eləcə də onların törətdiyi mədəni terrora, tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına, erməni vandalizminə heç bir münasibət bildirməmiş, hətta əsrin ən qanlı hadisələrindən olan Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməmişdir. Əsrlərdən bəri ermənilər tərəfindən xalqımızın başına gətirilən bu faciələrə ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalamaqla nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir.

Beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn işğala lazımi qiymət verməməsindən, cəzasızlıqdan daha da cəsarətlənən ermənilər ölkəmizə qarşı təxribatlar törətməkdə davam etmiş, hətta yeni ərazilər işğal etmək arzusuna da düşmüşlər. 2020-ci ilin iyul ayında Azərbaycan Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar da təsdiq edir ki, düşmən yeni torpaqlar ələ keçirmək iddiasında olmuşdur. Bununla da 30 il boyunca səbrlə münaqişənin sülh yolu ilə həll edilməsinə olan ümidlərimiz nəticəsiz qalmışdır.

2020-ci il 27 sentyabr tarixində yenidən təxribat törədən Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirmiş, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutmuş, nəticədə, hərbi qulluqçular ilə yanaşı dinc sakinlərimiz həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qüdrətli ordumuz cəmi 44 gün müddətində Azərbaycan torpaqlarını işğaldan azad etmişdir.

44 günlük Vətən Müharibəsi həm şanlı əsgərlərimiz tərəfindən göstərilən böyük qəhrəmalıq, igidlik nümunəsi, həm də Ali Baş Komandanın hərbi-siyasi məharət nümunəsi olmuşdur. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etmiş, nəticədə əməliyyatalar Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla qaytarılması prosesi ilə yekunlaşmışdır.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək ərazi bütövlüyüzü bərpa etmişdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin inkişafı ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsidir ki, 20 sentyabrda cəmi 1 gün davam edən antiterror tədbirləri nəticəsində erməni işğalının son qalıqları olan xunta rejimi də məhv edildi. Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməmişdir.

Bundan sonra da Azərbaycan regionda yalnız sülhə, təhlükəsizliyə, əmin-amanlığa nail olunmasında maraqlıdır. Əminliklə deyə bilərik ki, Qarabağ bölgəsində qanunsuz xunta rejiminin məhv edilməsindən sonra ölkəmiz və bütövlükdə regionumuz daimi sülhün bir addımlığındadır. Bu qələbələri bizə bəxş edən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtramla yad edirik. Prezident İlham Əliyevin şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərməsi, onların xatirəsinin əbədiləşdirilməsi üçün gördüyü tədbirlər, eləcə də qazilərimizin müalicəsinin diqqət mərkəzində saxlanılması bütün xalqımız üçün hərbçilərimizə dövlət səviyyəsində göstərilən ali diqqət nümunəsidir. Xalqımız, dövlətimiz var olduqca şəhidlərimizin əbədi xatirəsi də var olacaq!


Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov