N.Nərimanov adına NQÇİ tərəfindən işlənilən "Bulla-dəniz” yatağında 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 6 saylı stasionar dəniz özülünün tikinti-quraşdırma işləri uğurla davam etdirilir. "Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı Şirkətin "Neftqaztikinti” Trestidir. Layihəyə əsasən, dənizin 26 metr dərinliyində yerləşdiriləcək özülün ən müasir qazma avadanlığı, yaşayış bloku, yanalma və minik meydançaları, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, qaldırıcı hidroaktiv kranlar, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Özüldən sutkada 600 ton kondensat və 2 milyon kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. İndiyədək müasir standatlara cavab verən və hər birinin çəkisi 160 ton olan 11 ədəd dayaq bloku quraşdırııb. Hazırda qazma qurğusunun yerləşdirilməsi üçün hidrotexniki hissədə son tamamlama işləri aparılır. "Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən 2014-cü ilin oktyabr ayından başlanılmış tikinti-quraşdırma işlərinin bu ilin may ayında başa çatdırılması nəzərdə tutulur.