27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.
30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Dövlətimiz bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.
Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil müəssisələrində öyrənilir.
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü ordu strategiyasının nəticəsində Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Ali Baş Komandan: “Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib,”- deyərək bundan sonra qalib ölkənin, müzəffər xalqın öz tarixi ata-baba torpaqlarını bərpa edəcəyini qeyd etdi. Artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliyi möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.
Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızı 44 günlük aktiv müharibə və 20 günlük siyasi-diplomatik vasitələrlə cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Heç şübhəsiz, Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun uğurları təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü hərbiləşdirilmiş bölgəyə çevirmişdi. Bu ərazilərdə vuruşmuş hərbçilərin sözlərinə görə, düşmən tərəfindən az qala hər kvadratmetri atəş altında saxlamağa imkan verən müasir hərbi sistemlər qurulmuşdu. Bu isə onu deməyə əsas verir ki, 30 il ərzində müxtəlif ölkələrdə təhsil almış, xidmət etmiş, həmin ərazilərə dərindən bələd olmuş düşmənlə vuruşurduq.
Eyni zamanda Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Eləcə də Azərbaycan Ordusuna qarşı döyüşlərdə müxtəlif ölkələrdən, hətta okeanın o tayından erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, Suriyadan xeyli sayda peşəkar muzdlular vuruşurdular. Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı”.
44 günlük müharibədə ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.
İsa İsayev,
Vətən Müharibəsi veteranı, YAP Naftalan şəhər təşkilatının fəal gənc üzvü