“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən dərin hörmətlə anılır. Zərifə xanım Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafında mühüm rol oynamış alimlərdən biri kimi tanınır. 1967-ci ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyət göstərərək dosent, professor və kafedra müdiri vəzifələrinədək yüksəlmiş, elmi araşdırmalarını genişləndirmişdir. Onun tədqiqatları əsasən qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri və diaqnostika sahələrini əhatə edirdi. Eyni zamanda, gözün peşə patologiyası üzrə aparılan araşdırmalar Zərifə xanımın fəaliyyətində xüsusi yer tuturdu və bu sahədə ilk sistemli tədqiqatları həyata keçirən alim kimi tanınır. O, görmə orqanının peşə patologiyasını öyrənən ilk laboratoriyanı yaradaraq peşə oftalmologiyasının əsasını qoymuşdur. Bakı məişət kondisionerləri zavodunda fəaliyyət göstərən bu laboratoriya həm elmi araşdırmalar, həm də istehsalatda çalışan insanların müayinəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Aparılan tədqiqatların nəticəsi olaraq, Zərifə xanım Əliyeva Moskvada doktorluq dissertasiyası müdafiə etmiş və 1977-ci ildə tibb elmləri doktoru adına layiq görülmüşdür.”
Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı aia.az-a açıqlamasında bildirib.
Millət vəkili əlavə edib ki, Zərifə xanım Əliyevanin elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir: “Zərifə xanımın adı bu gün də Azərbaycan sərhədlərindən kənarda səhiyyə sahəsində çalışan minlərlə mütəxəssisin yaddaşında yaşayır. Akademik çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” kimi fundamental tədqiqatlarla tibb elminə misilsiz töhfələr verib. Onun 12 monoqrafiyası, dərslik və dərs vəsaitləri, yüzlərlə elmi işi, eləcə də ixtiraları və səmərələşdirici təklifləri oftalmologiyanın inkişafına xidmət edib. Eyni zamanda, beynəlxalq və ümumittifaq elmi qurumlarda təmsil olunması Zərifə xanımın nüfuzunu daha da artırmışdır. Alim yüksək elmi nailiyyətlərinə görə müxtəlif mükafatlara layiq görülüb və akademik seçilib. Onun fəaliyyəti yalnız elmi araşdırmalarla məhdudlaşmayıb, həm də gənc həkimlərin yetişdirilməsi istiqamətində mühüm rol oynayıb. Yüzlərlə tələbə və gənc mütəxəssis Zərifə xanım Əliyevanın rəhbərliyi altında formalaşıb, bu gün də həmin kadrlar Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfələr verməkdə davam edirlər” – deyə, Azər Kərimli fikirlərini yekunlaşdırıb.