8 mart - Beynəlxalq Qadınlar Gününüz mübarək olsun, əziz qadınlarımız!

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmışdılar, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirdilər. Zaman-zaman xalqımızın möhkəm iradəyə malik görkəmli qadın şəx¬siy¬yətləri də olub. Onlar yüksək mədəniyyəti, dəyanəti, insanlığa sevgisi ilə tanınıb. Ağbirçək analarımızın öyüd-nəsihətlərini sədaqətlə yaşadanlar dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarlıqla xidmət edirlər.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaradılan dövlət təsisatları dövlətçiliyin möhkəmləndirilməsini, qəbul edilən atributlar onun mənəvi varlığını təmin etdi. SSRİ dönəmində qeyd edilən beynəlxalq bayramlar da dövlət bayramları siyahısına daxil edildi. Belə bayramlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günü oldu. Qadınlar Günü Qadınlar Bayramı ovqatında qeyd edilirdi...

Qadınlara cəmiyyətin münasibəti həmişə duyğusal olmayıb. SSRİ dönəmində də, Azərbay¬canın dövlət müstəqilliyi bərpa edildikdən sonra da bu münasibət təkcə etik normalarla deyil, həm də bəşəri normalarla tənzimlənib. Azərbaycanlı qadın anadır, müəllimdir, həkimdir, alimdir, diplo¬matdır, siyasi xadimdir. Cəmiyyətdə qadınlara böyük ehtiram göstərilir. Həm qanunların tələbi kimi, həm də milli mentalitetə görə.

Azərbaycanlı ana Vətən üçün vətənsevər oğullar böyüdür, o oğullar Vətənin dar günündə sinəsini Vətənə sipər edir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində kişilərlə bir sırada qadınlar da düşmənlə vuruşurdu. Həcər qeyrətiylə vuruşurdu.

Dünya unutmayıb, unutmayacaq da: Şərqin ilk diplomat qadını azərbaycanlı olub – Uzun Həsənin anası Sara xatun...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünyəvi proseslərdə bir azərbaycanlı kimi qətiyyətlə iştirak edir, hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əha¬tə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 

“Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan gerçəkliklərinin dünya dövlətlərinə çatdırılması, Xocalı həqiqətlərinin tanıdılması kimi bəşəri fəaliyyətinin əsl azərbaycanlı kimi davam etdirir. Bu,  azərbaycanlı qadının azərbaycançılığının təsdiqidir!
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün anaları, qızları təbrik edir, hamısına can saglığı, uzun ömür arzulayıram.
 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
 
o