2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Türk və İslam dünyası üçün tarixi əhəmiyyətə malik olan Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən Şuşa əməliyyatı özünün unikal xüsusiyyətlərinə görə fərlənirdi. Bu əməliyyat 44 günlük Vətən Müharibəsində dönüş nöqtəsi oldu. Şuşa azad olunandan iki gün sonra, noyabr ayının 10-da Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz Azərbaycana qaytarıldı. Şuşa şəhərinin azad olunması 44 gün davam edən Vətən Müharibəsinin taleyini müəyyən etdi və Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxındır işğal altında saxlanılan ölkənin 20 faiz ərazisi Xalq-Ordu-Prezident birliyi nəticəsində özünün tarixi sahibinə qovuşdu. Hesab edirəm ki, Azərbaycan bu Zəfərə uzun illərdir ki, hazırlaşırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edirdi.
Hərbi sənaye kompleksi demək olar ki, yenidən qurulmuşdu. Ən müasir silahlar, hərbi texnikalar Ordumuzun istismarına verilmişdi. İqtisadi üstünlüyümüz, effektiv xarici siyasətimiz imkan verirdi ki, biz bu əməliyyatları qələbə ilə başa vuraq.
Təbii ki, bu uğurlu əməliyyatın əsas müəllifi Ali Baş Komandan İlham Əliyevdir. “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. Prezident İlham Əliyevin dediyi bu sözlər əldə etdiyimiz Zəfərin düşünülmüş, məqsədyönlü siyasətin nəticəsi olduğunu deməyə imkan verir. 44 günlük Vətən Müharibəsinin başlıca məqsədi Şuşa şəhərini azad etmək idi. Bununla Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edə bildik. Şuşanın azad edilməsi Ordumuzun qarşısına qoyulan bir nömrəli missiya idi. Alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə, kanatlarla qalxan qəhrəman igidlərimiz sıldırım qayalarla şəhərə daxil oldular. Onlar əlbəyaxa dava ilə düşməni məhv etdilər. “Böyük Tiqranın” “davamçılar”ı qəhrəman oğullarımızın qarşısında 44 gündən artıq davam gətirə bilmədilər. Onlar Ağdam, Kəlbəcər, Laçını müharibəsiz Azərbaycana təhvil verməyə sadəcə məcbur oldular. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi qoyuldu. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını alındı. 2023-cü il sentyabrın 19-da uğurlu antiterror tədbirləri həyata keçirməklə Azərbaycan dövləti Xankəndidəki revanşist qüvvələrin separatçı fəaliyyətinə son qoydu, ölkə ərazisində konstitusiya quruluşunu bərpa etdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bütün bunlar Şuşa Zəfərinin yaratdığı imkanlar hesabına mümkün oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Cənab Prezidentin digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alındı. Zəfər günü həm də Dünya Azərbaycanlılarının milli qürur günüdür. Ordumuz 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli ruhumuzu özümüzə qaytardı.
Vətən müharibəsində şəhid olanların ailələrinə, yaralılara, müharibə veteranlarına dövlət qayğısı yüksək səviyyədədir. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən böyük layihələr, yeni kəndlərin, qəsəbələrin, şəhərlərin salınması yüksək sürətlə aparılır və bütün dünyanın diqqət mərkəzindədir. Böyük Qayıdış Konsepsiyasına uyğun olaraq icra olunan tədbirlərin nəticəsində yüzlərlə, minlərlə ailə öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Humanizmə, ədalətə söykənən sosial siyasətin düzgün icrasının nəticəsidir ki, bu gün Azərbaycanda Dövlət-Xalq-Ordu birliyi qırılmaz tellərlə bir-birinə bağlıdır.
Son iki yüz illik tariximizin ən şərəfli səhifələrindən olan 8 noyabr Zəfəri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qaldırdı, dövlətimizin, xalqımızın şərəfini, adını ucaltdı. Zəfər Günü xalqımızın ən qiymətli, müqayisəyəgəlməz bayramıdır!
Zəfərimiz mübarək!
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı