9 May Qələbəsini ruslar mənimsəməyə çalışır

II Dünya Müharibəsi tarixdə SSRİ – nin qələbəsi kimi keçir. Lakin günümüzdə Rusiyanın bəzi dairələrinin təbliğat maşını, bu qələbəni mənimsəməyə çalışır, Sovet imperiyasının tərkibində yaşayan bütün xalqların birgə səyi ilə qazanılmış qələbə kimi deyil, tək Rusiyanın və rus xalqının qələbəsi kimi cəmiyyətə ötürür. Halbuki Qələbə ümumi qələbədir. Sovet İttifaqının Qələbəsinin rusların təkbaşına qazanılmış zəfəri kimi qiymətləndirilməsindən aydın olur ki, rus şovinizmi bu gün pik həddə çatmışdır.
Heç kimə sirr deyil ki, Azərbaycan II Dünya Müharibəsində SSRİ – nin qələbə qazanmasında müstəsna rol oynamışdır. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə Azərbaycan xalqının faşizm üzərində qələbə qazanmasında misilsiz xidmərtləri və payı vardır. Məhz buna görə də, keşməkeşli tariximizin hər səhfəsinin qəhrəmanları ilə fəxr edirik. Bu səhfələrdən biri də Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovdur. II Dünya Müharibəsində iştirak etmiş Həzi Aslanov kimi Azərbaycanın qəhrəman oğlunun abidəsi Şəhidlər Xiyabanında yerləşir. Deyə bilərik ki, tariximizin bütün dövrləri bizim üçün əzizdir və ölkəmizin igid oğulları, öz qəhrəmanlıqları ilə Azərbaycanın başını hər zaman uca tutmuşlar. Biz bunu çox yaxın tariximizdə bir daha yaxından şahidi olduq. Şükürlər olsun ki, bu gün Azərbaycanın öz Vətən Müharibəsi, Zəfər bayramı, qəhrəmanları və veteranları var. 
Azərbaycanın 44 günlük Vətən Müharibəsində tək Ermənistanı yox, həm də onun ən böyük dəstəkcisi  və müttəfiqi olan Rusiyanı məğlub etdi. Məhz buna görə də Azərbaycanın Vətən Müharibəsindən ilham alan qəhrəman Ukrayna xalqı, Rusiyanın işğalı ilə barışmır və  biz bu gün Ukrayna xalqının qəhrəmanlıqlarının şahidi oluruq.. 
Bu gün, bütün dünyaya bəllidir ki, Ukraynanın işğalı Rusiya və Ermənistan tərəfindən birgə aparılır. Başqa bir ifadə ilə desək, Ukraynanın işğalında Rusiyanın yanında səmimi şəkildə olan və canfəşanlıq edən tək ölkə Ermənistandır. Necə ki, Azərbaycan ərazilərinin işğalında Rusiya Ermənistanın yanında idi. Tarix boyu işğal proseslərində rus və ermənilər bir yerdə olublar. Qan yaddaşımızı vərəqləsək görərik ki, bütün soyqırım, qətliamlarda 1905, 1918, 1990, 1992 –ci il illərdə və eyni zamanda 366-cı motoatıcı alayının törətdiyi soqırımında rus və ermənilər hər zaman birgə olublar. Ümumilikdə Qarabağın Ermənistan tərəfindən işğalı da elə Rusiyanın çox yaxından dəstəyi ilə olub. Bu gün “Ukraynaya yardım” adı altında Ermənistanın Ukraynadakı separatçılara yardımı artıq danılmaz bir faktır. Ermənistandan fərqli olaraq dövlətimiz və xalqımız, Rusiyanın Ukrayna ərazilərinə işğala başlamasının ilk günlərindən etibarən Ukraynaya humanitar yardıma başlamışdır. Azərbaycanın Ukrayna qaçqınlarına humanitar yardımı heç cür müqayisə edilməzdir. 
Bu gün Rusiyanın siyasətini əsasən ermənilər və şovinist ruslar təbliğ edir. Rus və ermənilərin birliyini Rusiya TV-lərdə də açıq aşkar görmək olur. Rusiyanın erməni təbliğat ruporları olan Simonyan, Kesoyan, Şahnazarov və digərləri Rusiya TV-lərdə Rusyanın Ukraynanı işğal etməsinə haqq qazandır və Rusiyanın şovinist siyasətinin bir nömrəli təbliğatçılarıdır. 
Son günlər rus – erməni təbliğat maşınının sürücülərindən biri, erməni əsilli rusiyalı rejissor Tiqran Kesoyan qardaş Qazaxıstana bərk hədə-qorxu gəlib və qazaxları təhqir edib. Kesoyanı özündən çıxardan 9 may paradının ləğv edilməsi barədə Qazaxıstan hökumətinin verdiyi qərar olub.
Kesoyana cavab gecikməyib və Qazaxıstanlı bloger-biznesmen Arman Şurayev öz Youtube kanalında Kesoyanı, yaş yuyub quru sərib. Şurayev hansı günü, o cümlədən 500 min həmvətəninin şəhid olduğu sovet-alman müharibəsindəki SSRİ xalqlarının birgə qazandıqları qələbəni necə qeyd edib-etməməyin qazaxların öz işi olduğunu bildirdikdən sonra Kesoyanı başı xarab adlandırıb və ölkəsində çoxminli erməni diasporunun mövcudluğuna eyham vuraraq ona odla oynamamağı məsləhət görüb.
Öz çıxışını ukraynalıların bu günkü müharibənin əsas şüarına çevirdikləri “Slava Ukraine” kəlmələriylə bitirən bloger birmənalı şəkildə bəyan eləyib ki, hazırda qazaxların əksəriyyəti bu müharibədə Ukrayna xalqının qələbəsini istəyir və həmin qələbənin naminə hər şey etməyə hazırdır.
Qeyd etməliyik ki, Rusiyada və Ermənistanda kök salmış antisemitizmi gizlədə bilmirlər və yavaş- yavaş Rusiyanı idarə edənlər tərəfindən belə qabardırlar. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq edə bilər”, - Lavrov əlavə edib. Bununla da  Lavrovun İsrailə və yəhudi xalqına qarşı olan bu təhqiri, bugünkü Rusiyanın başqa xalqlara qarşı nifrətinin göstəricisidir. 
Müqaisə etsək görərik ki, bu gün Azərbaycanda olan multikulturalizm dövlət siyasəti və xalqımızın həyat tərzidir. Azərbaycanda bütün milli – dini icmaların  fəaliyyətlərinə geniş imkanlar yaradılmışdır. Azərbaycanın heç vaxt antiseminist ölkə olmamasını və Azərbaycanda yaşayan yahudilərin Azərbaycanı öz doğma Vətənləri olaraq görməsinin biz bir daha 44 günlük Vətən Müharibəsində İsrailin Ermənistandan öz səfirini geri çağırması ilə yaxından şahid olduq.  Bu gün Azərbaycan - İsrail dostluq əlaqələri, əməkdaşlığı və tərəfdaşlığı getdikcə yüksələn xətlə inkişaf edir. 
Heç şübhəsiz ki, bu gün dünyanın supergüclərindən olan ABŞ - ın səhv siyasəti nəticəsində qardaş Türkiyəyə və ərəb ölkələrinə qarşı strateji səhvlər buraxılır. Bununla da ABŞ iki üzlü siyasət yürüdür. Belə ki, Rusiyanın tərəfdarları olan Sudan, Eriteriya kimi ölkələrə də təzyiqlər etdiyi halda Rusiyanın tərəfdaşı olan Ermənistanın başını sığallayır. Erməni rəsmiləri ilə görüşlər təşkil olunur, ABŞ-a səfərləri təşkil edilir, Ermənistan Demokratiya Sammitində iştirak edir. Maraqlısı budur ki, erməni lobbisi ABŞ-da rus lobbisi rolunu oynayır, agentura və təsiredici güc kimi çıxış edir. Hətda Rusiya erməni lobbisindən öz məqsədləri doğrultusunda istifadə etmək üçün Lavrovun dostu Andranik Miqranyan ABŞ-a göndərilib, ermənilərlə əlaqələndirilmə aparılıb. Bunun əksinə olaraq Azərbaycandan isə Amerikaya səfərlər demək olar ki, yoxdur. Bütün bunlar Azərbaycana qarşı diskriminasiya rolunu oynayır.
Bu gün Ermənistanda siyasi vəziyyət günü – gündən pisləşir. Ermənistanda baş verən son aksiyalarda zorakılıq halları aşkar insan hüquqlarının pozuntusudur, lakin Qərb bu hadisələrə sükutla yanaşır. Əgər buna bənzər hadisələr Azərbaycanda baş versəydi indi bütün beynəlxalq təşkilatlar Azərbaycanı qınayacaqdı. Ermənistana qarşı isə susurlar.
Ehtimal olunur ki, Ermənistandakı dinc mitinqləri Rusiyanın Ria-Novosti, Sputnik Ermənistan kimi mənbələr qızışdırırlar.
Təkcə ona görə yox ki, Sarkisyan və Köçəryan Rusiyaya bağlı adamlardır və Rusiya yenə də birbaşa ona bağlı adamları hakimiyyətdə görmək istəyir. Bu fakt faktlığında qalır, amma burada başqa vurğulanmalı xüsusi məqam Rusiyanın bölgədə davamlı sülhün yaranmasında nə dərəcədə maraqlı olmasından ibarətdir.
Əgər Ermənistanda Sarkisyan-Köçəryan hakimiyyətə gələrsə, Prezident İlham Əliyevin xəbərdarlıq etdiyi kimi “3-cü Qarabağ müharibəsi qaçılmaz olacaqdır. Bu isə daha pis nəticələrlə sonlanacaq”.
Ermənistan ordusu artıq yoxdur və hansısa başıpozuq dəstələr səviyyəsində qalib, güclü Azərbaycan Ordusunun qarşısına çıxmaq ağılsızlıqdır. 
Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra revanşist qüvvələrin addımlarına qarşı xəbərdarlığı, 3-cü Qarabağ müharibəsinin qaçılmaz olacağı təqdirdə daha pis nəticələrin meydana çıxacağı ilə bağlı xəbərdarlığı unudulmamalıdır: “Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.
Rusiyanın şovinist mövqeyini əks etdirən və ermənilər tərəfindən idarə olunan Sputnik Rusiya kanalının ölkəmizdən çıxarılması vacibdir. Eyni zamanda Rusiyanın müharibə gerçəklilərinə dözməyərək savaşın ilk günlərindən Azərbaycan KİV-lərini blokladığı halda, milli maraqlarımıza xidmət etməyən “Sputnik” Agentliyinin, 8 ildir Azərbaycanda fəaliyyət göstərməsi isə başadüşülən deyil. Eyni zamanda Rusiya kimi bir dövlətin informasiya siyasətinə Simonyan kimi rus şovinist düşüncəsinə, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olan adamlar rəhbərlik edir. Bu gün Sputnik kanalı Qazaxıstan, Ermənistan hadisələrində və digər ölkələrdə təxribatçı mövqedən çıxış edir.
Hər halda sözügedən media orqanının Azərbaycanda bloklanması üçün Rusiyadan fərqli olaraq, bizim daha əsaslı səbəblərimiz var.

Çingiz Bayramov

"Dialoq və İnkişaf Naminə" 
İctimai Birliyinin sədri