Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Vətən Müharibəsində qazanılmış şanlı Zəfərdən sonra biz bu bayramı Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Fizulidə, işğaldan azad edilmiş digər torpalarımızda dalğalanan bayraqlarla birgə qeyd edirdik. Bu il isə, sentyabrın 19-da Qarabağda aparılmış antiterror əməliyyatları nəticəsində Azərbaycanın öz suverenliyini və konstitusiya quruluşunu tam bərpa etməsindən sonra ilk dəfədir ki, Dövlət Bayraq Günündə bütün suveren Azərbaycan torpaqları üçrəngli bayrağımız altında birləşmişdir. Bu müstəqil dövlətçilik tariximizin böyük qələbəsi, xalqımızın ən böyük arzusunun reallaşmasıdır. Bu qururu bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımıza və şanlı Azərbaycan Ordusuna minnətdarıq!
Azərbaycan Respublikasının Dövlət Gerbi və Dövlət Himni ilə birlikdə Dövlət Bayrağı ölkəmizin milli rəmzləridir. Bu rəmzlərin həm də xalqımız üçün böyük mənəvi dəyəri var. Bayraq hər bir dövlətin milli suverenliyinin simvoludur, milləti tanıdan, hər bir xalqın milli ideologiyasının ifadəsi, qurur mənbəyidir. Bizim bayrağımız xalqımızın müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir və odur ki, bizim üçün çox müqəddəsdir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 70 il sonra, 1990-cı il noyabrın 17-də Ulu Öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Bayraq günü olaraq məhz 9 noyabrın qeyd edilməsi isə Cənab Prezidentin varisi olduğumuz Xalqa Cumhuriyyətinə verdiyi xüsusi önəmin göstəricisidir.
Bayrağımızın rəngləri istiqlal ideologiyamızın üç təməl prinsipini-“türkçülük, müasirlik və islamçılıq” düsturunu ifadə edir. Biz bu gün də bu dəyərlərə sadiqik. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi, dini dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Dövlət bayrağının Konstitusiya səviyyəsində təsbit edilməsi, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanununun qəbul edilməsi, Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyətlərinin müəyyən edilməsi təsdiq edir ki, ölkəmizdə Azərbaycan bayrağına verilən qiymət ən yüksək səviyyədədir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət edilməsi vətəndaşların əsas vəzifələrindən biri kimi təsbit edilmişdir.
“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin” – bu sözlər Ulu Öndərimizin xalqımıza nəsihətidir və mən çox sevinirəm ki, xalqımız, dövlətimiz Ulu Öndərin bütün ideoloji fikirlərinə sadiq olduğu kimi bayraqla bağlı nəsihətinə də sadiqdir. Bayrağımıza verilən mənəvi, ictimai qiymət, xüsusən gənclərimizin bayrağa olan sevgisi, hörməti həmişə yüksək səviyyədədir.
Bu gün Şuşada, Xankəndində, Qarabağda qaldırılan üçrəngli bayrağımız milli birliyimizin, suverenliyimizin, müstəqilliyimizin, dövlətçiliyimizin təcəssümü kimi millətimiz, dövlətimiz var olduqca ən uca zirvələrdə dalğalanmağa davam edəcək. Yaşasın Azərbaycan Bayrağı, yaşasın bu bayrağı Zəfər zirvəsinə ucaldan qəhrəman Azərbaycan Ordusu və onun Ali Baş Komandanı!
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov