Adil Əliyev iftarını şəhid anaları ilə açdı

Aprelin 22-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputat Rasim Musabəyov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və ictimaiyyət nümayəndələri icra hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər üçün mübarək Ramazan ayı münasibətilə təşkil edilmiş iftar süfrəsində görüşüblər.

İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilərək, şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilib.

Görüşdə çıxış edən vitse-spiker Adil Əliyev artıq iki ildir ki, bu müqəddəs günləri ölkəmizin ərazilərini bərpa, suverenliyini bərqərar etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsinin, üçrəngli şanlı bayrağımızın Vətən göylərində qürurla dalğalanmasının hər bir azərbaycanlının sevincinə səbəb olduğunu qeyd edib.

Adil Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərində Dünya azərbaycanlılarının V konfransının təşkil edilməsi hər birimizə qürur dolu anlar yaşadır. Möhtəşəm Qələbəmizin şanlı tariximizin ən böyük hadisəsi olduğunu qeyd edən vitse-spiker, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Sonda Adil Əliyev görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev müqəddəs ayın ölkəmizə uğur, bərəkət gətirməsi, bayrağımızın hər zaman yüksəklərdə olması barədə arzularını ifadə edib. O, Vətən müharibəsinin Azərbaycan tarixində çox böyük yeri olduğunu bildirərək, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə dövlətimizin öz gücünü Ermənistana və onun müttəfiqlərinə göstərdiyini qeyd edib. Bildirib ki, şəhidlərimizin bizə əmanətləri olan ailələri hər zaman yüksək diqqət və qayğıyla əhatə olunub.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.