Adil Əliyev: Prezident İlham Əliyev Rusiya KİV rəhbərlərinin suallarını məntiq və faktlarla cavablandırdı

Prezident İlham Əliyevin Moskva səfəri zamanı TASS informasiya agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif məsələlərdə mövqeyinin Rusiya media elitasına birbaşa çatdırılması baxımından önəmlidir. Ənənəvi olaraq Rusiyada erməni diasporunun və lobbisinin ölkədə ictimai rəyin formalaşmasına təsiri güclü olub. Bu da Azərbaycan haqqında mənfi rəy yaradılmasında və ölkəmiz barədə həqiqətlərin təhrif edilməsində ciddi rol oynayıb.

Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

A.Əliyev deyib ki, həmin görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, “Russia Today” telekanalının, “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru Marqarita Simonyan da iştirak edib. Marqarita Simonyan etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı Prezidentə qərəzli suallar verib. Prezident İlham Əliyev məntiqli və faktlarla əsaslandırılmış cavablar verərək bildirib ki, Azərbaycanda keçirilən müxtəlif idman yarışlarında və digər tədbirlərdə iştirak etmək üçün etnik ermənilər təhlükəsiz şəkildə ölkəmizə gəlib gedirlər. Hətta erməni katolikosu Qaregin də Azərbaycana səfər edib və Bakının mərkəzində yerləşən erməni kilsəsində olub. Həmin kilsədə erməni dilində beş mindən çox kitab qorunub saxlanır. Katolikos Qaregin həmin kitablarla tanış olub. Bundan əlavə, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır.

Ümumiyyətlə, Azərbaycan ənənəvi olaraq multikultural ölkə olub, müxtəlif din və etnik qrupa mənsub insanlar burada rahat və azad yaşayırlar. Prezidentin bu qeydlərinə ən yaxşı sübut həmin görüşdə iştirak edən Azərbaycan əsilli nüfuzlu Rusiya jurnalistləri, o cümlədən etnik yəhudi Mixail Qusman olub. Onlar da Azərbaycanda müxtəlif xalqlara mənsub insanların, o cümlədən ermənilərin mehriban mühitdə yaşadıqlarını qeyd ediblər.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onları Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilə görmək üçün ölkəmizə dəvət etdilər. Bu, çox məqsədyönlü addımdır. Çünki əgər səfər baş tutarsa, Rusiyanın aparıcı KİV rəhbərləri, o cümlədən erməni diasporunu və lobbisini təmsil edən şəxslər işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş ağlasığmaz dağıntılar və xarabalıqlar faktı ilə üzbəüz qalacaqlar.

“TASS-da görüş zamanı Prezident Rusiyanın aparıcı KİV rəhbərlərinin digər suallarını da məntiqlə və faktlarla cavablandırıb. Bu, xüsusilə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin perspektivlərinə aid suala cavab verərkən müşahidə olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə artıq dialoq üzrə tərəfdaşdır. Növbəti pillə olan müşahidəçi statusu almaq üçün bir neçə il əvvəl təşkilatın katibliyinə edilmiş müraciətə isə bəlli olmayan səbəbdən hələ cavab verilməyib. KTMT-yə gəldikdə, dövlətimizin başçısı qeyd etdi ki, “KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır”. Rusiya olmasaydı, KTMT çoxdan unudulmuşdu. Ona görə də Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Eyni sözləri Avrasiya İqtisadi İttifaqı haqqında da demək olar. Bu kontekstdə, Azərbaycanın Türkiyə ilə münasibətləri də rusiyalı jurnalistlər üçün ciddi maraq doğurur. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurur. Türkiyənin NATO-ya üzv dövlət olmasını, Rusiyanın isə KTMT-nin de-fakto lider ölkəsi olmasını nəzərə alsaq, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik münasibətləri qurması olduqca maraqlı nüansdır. Prezident bəyan edib ki, artıq faktiki olaraq Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatı qurulur”, - deyə A.Əliyev qeyd edib.