2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin rayonun Nəcəfqulubəyli və Şənlik kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını seçicilərin nəzərinə çatdırıb. Rövşən Əhmədov YAP-ın həmişə seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, bu dəfə də partiyanın qarşıya qoyulan siyasi hədəflərə çatacağına əmin olduğunu bildirib.
Deputatlığa namizəd Tahir Rzayev isə əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları barədə məlumat verib. Tahir Rzayev çıxışında seçiciləri səsvermə günü seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına, seçicilərin yanında olacağına söz verib.
Görüşlərdə seçicilər adından Nəcəfqulubəyli kəndinin sakinləri Zaur Rəhimov, Azər Mehtizadə, Aygün Əhmədova, Devran İbrahimov, Elnaz Talıbova və Şənlik kəndinin sakini Möhübbət İsmayılov çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.