Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində Zərdab rayonu Mədəniyyət evində 14 avqust tarixində tədbir keçirilib.
Tədbiri açıq elan edən, layihə rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: “Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını qisməndə olsa almaq hədəfimizdədir. Biz uzun illik praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili səhiyyəmiz və cəmiyyətimiz üçün zəruridir. Bu zərurəti dərk edərək, bu gün Zərdabda 40-dan yuxarı tədbir iştirakçısı ilə görüşüb maarifçilik işinə start verdik”.
QHT sədrinin verdiyi məlumata görə, daha sonra tədbirə qatılan çox saylı iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılıb, təhlil olunub. Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub. Tədbirə qatılan iştirakçılar layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən görüşdə hər bir kəsin sualları cavablandırılıb. Onların sağlamlıq durumu haqqında məlumat verilərək, geniş maarifçilik işi aparılıb. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda Zərdab rayon sakini məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.