2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağsu rayonunun Ərəbuşağı və Daşdəmirbəyli kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, təşviqat qrupunun üzvləri Allahverdi Qənbərov, İslam Bəhrəmov və Səftər Əlabbasov çıxış ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin qazandığı uğurlardan bəhs ediblər. Vurğulanıb ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanda taleyüklü məsələlərin həllində müstəsna rol oynayır.
Natiqlər tariximizə qızıl hərflərlə yazılacaq şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz Lider olduğunu deyib, rayon sakinlərini prezident seçkilərində qalib Liderə səs verməyə dəvət ediblər.