Avropa İttifaqı Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsinə sanksiyalarla cavab verəcək.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel özünün sosial şəbəkə səhifəsində yazıb.
O, belə bir addımı Avropa təhlükəsizliyini təhdid edən “məsuliyyətsiz eskalasiya” adlandırıb.
“Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi məsuliyyətsiz eskalasiya və Avropa təhlükəsizliyinə təhdid olardı. Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir”, - diplomat bildirib.
Borrel vurğulayıb ki, Avropa İttifaqı əlavə sanksiyalarla cavab verməyə hazırdır.
Qeyd edək ki, Rusiyanın Belarus ərazisinə taktiki nüvə silahı yerləşdirməsi faktını daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan edib. Dövlət başçısı aprelin 3-dən ekipaj hazırlığına başlanılacağını, iyulun 1-dək isə Belarusda nüvə silahları üçün xüsusi anbar tikiləcəyini bildirib. Rusiya lideri bu addımı Britaniyanın Ukraynaya tükənmiş urana malik döyüş sursatları verməsi planları ilə izah edib.