Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.
Bu barədə Sabahinfo.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirilb ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:
"Biz həmçinin onlara ailələrindən bağlamalar da çatdırdıq. Aidiyyəti orqanlarla razılaşdırılaraq vaxtaşırı verilən bu bağlamalarda ailələrin onlara göndərdiyi şəxsi əşyalar olur. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.