Akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır  

 

 
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edildi və ölkəmiz bu xəstəlikdən xilas oldu.
Zərifə xanım Əliyevanın alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr olunmuşdur.
O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə və görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Akademik Zərifə Əliyevanın tariximizdəki möhtəşəm izlərindən ən alisi məhz müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin ən böyük çiyindaşı olmasıdır. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi Zərifə xanım Əliyevanın da həyatında yeni mərhələnin başlanması idi. Əlbəttə, ölkə rəhbərinin xanımı olmaq mühüm sosial status, eyni zamanda böyük məsuliyyət idi. Bu baxımdan böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı kimi Zərifə xanım bu məsuliyyətin də öhdəsindən layiqincə gəlmişdir. Zərifə Əliyeva haqqında xatirələri oxuyanda, foto və videoxronikaları izləyəndə görürük ki, o, heç vaxt xüsusi seçilməyə, fərqlənməyə çalışmamış, müxtəlif imtiyazlar qazanmaqdan uzaq olmuş, təvazökarlığını və sadəliyini qoruyub saxlamışdır. Bütün bunlar onun zəngin mənəvi dünyasının təcəssümüdür.
Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. Akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.
 
Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent