Azərbaycanda keçirilən Prezident seçkilərində seçici iştirakının göstəricisi, ölkə gənclərinin səsvermə prosesində nümayiş etdirdikləri xüsusi fəallıq, vətəndaşlarımızın öz konstitusion hüquqlarına və öhdəliklərinə olan münasibətini ifadə etməklə yanaşı, xalqımızın öz liderinə və işıqlı gələcəyinə olan inamını, etimadını ortaya qoyur.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat fevralın 7-də keçirilən Prezident seçkilərinin dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənini, torpağını sevən, dəyərlərinə sadiq qalan hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Şübhə etmirəm ki, Azərbaycan vətəndaşlığı olmayan onmilyonlarla azərbaycanlı bayrağımızı 30 ilə yaxın işğal altında olan torpaqlarımızda dalğalandıran, müqəddəs vətənimizdən işğalın, separatizmin, terrorizmin kökünü kəsən Ali Baş Komandanlarına könüllərində yer alan sonsuz sevgiləriylə səs veriblər. Bir xalq olaraq tariximizin ən şanlı səhifəsini yazan Liderə olan ümumxalq sevgisi özünü səsvermənin ilk dəqiqələrindən, seçicilərin kütləvi şəkildə seçki məntəqələrinə axın etməsində də özünü büruzə verirdi. İnsanlar sanki seçkiyə deyil, sevgilərini bəyan etməyə, vəfa borclarını yerinə yetirməyə gedirdilər. Şübhəsiz ki, bu qürurverici mənzərə hər bir azərbaycanlının və Azərbaycanı sevən hər kəsin yaddaşında dərin izlər buraxıb”.
Azər Kərimli bildirib ki, seçkilərin işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşada, Xankəndidə, Ağdərədə böyük ruh yüksəkliyi ilə keçirilməsinin yaratdığı təəssürat, qürur hissi 7 fevralı tariximizin unudulmaz, şanlı səhifələrindən birinə çevirdi: “Bir vaxtlar işğalçı qüvvələrin formalaşdırdığı, Azərbaycan dövlətçiliyinə meydan oxumağa, bütövlüyümüzə zərbə vurmağa çalışan separatizmin ocağında seçki məntəqəsinin fəaliyyət göstərməsi, dövlətimizin başçısının ailəsi ilə birlikdə Xankəndidə səs verməsi unudulmaz və qürurverici bir mənzərədir. Azərbaycan dövlətçiliyi artıq hər yerdədir! İşğaldan azad edilmiş ərazilərimizin hər qarışından Zəfərimizin memarı Ali Baş Komandanımızın addım səsləri duyulur, yurd yerlərimiz yenidən dirçəlir. İndi qarşımızda yeni hədəflər, bizi daha da gücləndirəcək böyük ideyalar,məqsədlər var. İndi biz dövlətçiliyimizin yeni bir mərhələsinə, həm də qalib xalqın nümayəndələri kimi, Müzəffər Ali Baş Komandanın liderliyi ilə qədəm qoyuruq”.