Ana dilim şirindir! 

Dünyaya göz açan hər bir körpənin ilk eşitdiyi səs anasının səsidir. Bu səs anasının köksündən qopan, ananın qəlbindən gələn hisslərini körpəsinə çatdırır. Ana mənsub olduğu xalqın dilində körpəsini əzizləyir, analıq hisslərini ifadə edir. Bəli, insanın doğulduğu gündən eşitdiyi və mənimsədiyi dil ana dilidir. Ana dili - hər bir insanın milli mənsubiyyətinin, milli kimliyinin əsas göstəricisidir. Dil təkcə insanlar arasında ünsiyyət vasitəsi deyil. O, insan həyatında həyatın özü qədər qiymətli və dəyərlidir. Hər bir xalqın dili onun mədəniyyətini, düşüncə tərzinin, ənənələrinin, əxlaqının, tarixinin daşıyıcısıdır. Dil bizimlə əcdadlarımız, onların yaratdıqları milli mənəvi dəyərlər arasında rabitədir. Bizi gələcək nəsillərimizlə bağlayan əsas iplərdən biridir. Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir. Belə bir ifadə mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inlişafı üçün böyük işlər görüb. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət dilimiz olan Azərbaycan dili haqqında dediyi sözlər bu qayğının ən gözəl nümunəsidir. “Hər bir xalqın milliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirilir. Ölkə prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən birisayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə İlham Əliyevin 2004- cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan əbədi dilinin saflığına daim qayğı göstərməlidir. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdir.

 

Mətanət Səfərli,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında məsləhətçi