Ana və iki övladını kim qətlə yetirib? - Direktor özünü təqsirli bilmədi

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qətl baş verən evdə olub. O deyib ki, həmin evə pul məsələsi ilə bağlı gedib, sonra evi tərk edib.

O, qətli törətmədiyini deyib. Bildirib ki, bu qətldən xəbəri olmayıb. Əhəd Əliyevin sözlərinə görə, qətlin kimin tərəfindən törədildiyini bilmir.

Növbəti proses sentyabrın 29-da davam edəcək.

İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb. Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.