Anım Günü ilə əlaqədar ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən, şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınıb. Həmin qərarın icrası ilə bağlı olaraq mütəmadi olaraq şəhid ailələrinə və qazilərə ödənişsiz hüquqi yardım göstərilir. 

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən 27 sentyabr - Anım Günü ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstərilib.
 
Aksiya zamanı Vəkil qurumları tərəfindən müraciət etmiş onlarla şəhid ailələri üzvlərinə və müharibə qazilərinə ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
 
Məlumatda qeyd olunub ki, müraciətlərin böyük hissəsi pensiya hüququ, sosial təminat, ipoteka, nikahın pozulması və ərzaq təminatı ilə bağlı hüquqi yardımın göstərilməsi olub.